QHT Forumunun sədri: “Sülh Körpüsü” cəmiyyətlərin sülhə hazırlığını gücləndirən mexanizmdir

Tarix: 16 Feb 2026 18:51

“Azərbaycan Milli QHT Forumunun sədri və “Sülh Körpüsü” təşəbbüsünün üzvü kimi bu cür görüşlərin rəsmi diplomatik prosesləri tamamlayan və cəmiyyətlərin sülhə psixoloji, sosial və institusional hazırlığını gücləndirən mühüm mexanizmdir”

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli QHT Forumunun sədri, “Sülh Körpüsü” təşəbbüsünün üzvü Ramil İskəndərli deyib.

Delimitasiya olunmuş sərhəddən keçid etimad quruculuğunun real göstəricisi kimi qiymətləndirilib

O bildirib ki, sülh yalnız siyasi sənədlərlə deyil, onun davamlı olması üçün cəmiyyətlərin öz daxilində bu prosesi dəstəkləməsi vacibdir:

“Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndə heyətinin delimitasiya olunmuş quru sərhəd vasitəsilə Ermənistan ərazisinə daxil olması praktik etimad quruculuğu baxımından mühüm simvolik və real addım olmuşdur. Bu, sülh prosesinin yalnız nəzəri deyil, həm də praktiki mərhələyə keçdiyini göstərən mühüm göstəricidir.

Görüş zamanı aparılan müzakirələr bir daha təsdiq etdi ki, vətəndaş cəmiyyəti sülh prosesində aktiv aktor rolunu oynayır. İctimai diplomatiya mexanizmlərinin gücləndirilməsi regional sabitliyin mühüm komponentidir”.

Sülh region xalqlarının rifahının yüksəlməsi üçün real imkanlar yaradır

Ramil İskəndərli vurğulayıb ki, sülh prosesinin uğuru üçün onun konkret sosial və iqtisadi dividendlərinin cəmiyyətə çatdırılması vacibdir: “Sülh yeni iqtisadi əməkdaşlıq imkanları, regional kommunikasiya xətlərinin açılması, investisiya mühitinin yaxşılaşması və region xalqlarının rifahının yüksəlməsi üçün real imkanlar yaradır. Vətəndaş cəmiyyəti bu dividendlərin cəmiyyətə izah edilməsində və ictimai dəstəyin formalaşdırılmasında mühüm rol oynayır.

Tsaxkadzor görüşü bir daha göstərdi ki, qarşılıqlı dialoq, birbaşa ünsiyyət və davamlı təmaslar sülh prosesinin sosial əsaslarının möhkəmləndirilməsi üçün vacibdir. Bu formatın davam etdirilməsi regionda uzunmüddətli sabitlik və qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından əhəmiyyətli rol oynaya bilər”.

Azərbaycan Milli QHT Forumunun sədri bildirib ki, vətəndaş cəmiyyəti bu prosesdə körpü rolunu oynayaraq, ictimai rəy ilə rəsmi diplomatik səylər arasında əlaqələndirici funksiyanı yerinə yetirməlidir:

“Görüş proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Ermənistanın rəsmiləri, Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan və XİN müavini Vahan Kostanyan ilə də görüş keçirərək vətəndaş cəmiyyəti təşəbbüslərinin sülh gündəliyinə verdiyi töhfələr və ictimai diplomatiyanın gələcək imkanları barədə fikir mübadiləsi aparılıb”.

Qeyd edək ki, 13–14 fevral 2026-cı il tarixlərində Ermənistan Respublikasının Tsaxkadzor şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli görüş (“Sülh Körpüsü” formatı) keçirilib. Tədbir “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunub və müzakirələr vətəndaş cəmiyyəti dialoquna həsr edilib. Azərbaycan nümayəndə heyəti bu tədbirdə 19 nəfərdən ibarət geniş heyətlə iştirak edib. Nümayəndə heyətinə vətəndaş cəmiyyəti institutları, qeyri-hökmət təşkilatları, media nümayəndələri və ekspertlər daxil olub.

Gülcahan İmanqızı Azərbaycan Ermənistan sülh “Sülh Körpüsü”

Xəbər Lenti