Qarsda “Heydər Əliyev-2026” Azərbaycan-Türkiyə birgə hərbi təlimi keçiriləcək - YENİLƏNİB - VİDEO

Tarix: 03 Apr 2026 10:22

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026" birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.

"Ümid" körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.

Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb. Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.

Qeyd edilib ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.

***

2 aprel, 20.14

Əlahiddə Ümumqoşun Ordusunun bölmələri Türkiyəyə səfər edib.

APA xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bölmələr 14-cü Mexanikləşdirilmiş Piyada Briqadasının komandanlığında keçiriləcək “Heydər Əliyev-2026” təlimlərində iştirak edəcək.

Bildirilir ki, Türkiyənin 5-ci Sərhəd Briqadasının şəxsi heyəti Həsrət körpüsündə Azərbaycan hərbçilərini qarşılayıb və bayraq mərasimi təşkil olunub.

Azərbaycan Türkiyə Naxçıvan hərbi təlim “Heydər Əliyev-2026”

Xəbər Lenti