Çərşənbə axşamı, 7 Aprel, 2026
Tarix: 07 Apr 2026 15:29
Bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşması - yerli büdcə gəlirlərində artım tendensiyası 2025-ci ildə də davam edib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nazirilik tərəfindən bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək tədbirləri çərçivəsində, Bələdiyyələrin Milli Assosiasiyalarının da iştirakı ilə yerli büdcənin əsas formalaşma mənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsində problemlərin aradan qaldırılması məqsədilə görülən işlər bu müsbət dinamikanın qorunmasına təsirini göstərməkdədir.
Belə ki, Dövlət Statistika Komitəsinin 2025-ci il üzrə bələdiyyə büdcələrinin icrası barədə məlumatına əsasən, ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 3.3 milyon manata (5.2%) yaxın artaraq 65.6 milyon manatı keçib.
2025-ci il üzrə yerli büdcələrə vergilərdən daxilolmalar əvvəlki illə müqayisədə 7.2 milyon manat (26.5%) çox olub.
Ümumi yerli büdcə gəlirlərinin 35.3%-ni təşkil etmiş Bakı bələdiyələri üzrə gəlirlər əvvəlki illə müqayisədə 16.4% artaraq 23 milyon manatı ötüb.
Qeyd edilib ki, yerli özünüidarəetmə institutuna dövlət qayğısının təzahürü olaraq ötən il bələdiyyələrə dövlət büdcəsindən 7.5 milyon manata yaxın dotasiya və subvensiya ayrılıb.
Selcan Zaurqızı Ədliyyə Nazirliyi Bələdiyyə büdcə