Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədri məhkəmədə ifadə verib

Tarix: 10 Apr 2026 17:27

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə təqsirləndirilən şəxsin ilkin ifadəsi dinlənilib.

İlk olaraq, istintaq müddətində təqsirləndirilən şəxsin vəkili olan Rövşən Mərəndski məhkəmədə iştirak etdiyinə görə, digər vəkil Ələkbər Cəfərovun bu məhkəmədə vəkil kimi fəaliyyətinə xitam verilib.

Bəhruz Əsgərov ifadəsində qeyd edib ki, o, 2009-cu ildə Ali Məclisinin sabiq sədrinin sərəncamı ilə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. Ardınca müvafiq sərəncamla publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb: “Agentliyin 8 idarəsi olub və azad olunana kimi idarə heyətinin sədri vəzifəsində çalışmışam. Ümumiyyətlə, azad olunana kimi mənə heç nə deyilməyib. Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparıldı. Yol idarələrinin yoxlanılmasında mənim iştirakım olmayıb".

Zərərçəkmiş tərəfin nümayəndəsi işlə tanış olması üçün məhkəmənin növbəti prosesi may ayının 1-də keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Bəhruz Əsgərovla bağlı Baş Prokurorluqda cinayət işi açılıb.

Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib.

Qeyd edək ki, Bəhruz Əsgərov 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor təyin olunub. 2018-ci ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” yaradılıb, 2023-cü ildə isə publik hüquqi şəxsə çevrilib.

27 noyabr 2023-cü ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub.

Bəhruz Əsgərov 01.06.2018-ci ildən 31.12.2023-cü ildək olan müddət ərzində xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.

Dövlət büdcəsinə dəyən ziyan isə 5,5 milyon manatdan çoxdur.

Ceyhun Məmmədov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Bəhruz Əsgərov məhkəmə

Xəbər Lenti