Kürün səviyyəsi artmaqda davam edir, daşqın təhlükəsi yoxdur - FOTO

Tarix: 18 Apr 2026 15:50

Kür çayının aşağı axınında suyun səviyyəsi artmaqda davam edir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, aramsız yağan yağışlar və dağlarda qarın əriməsi Kür çayının səviyyəsini Kürün aşağı axınınında son 3 gündə 70-80 sm artırıb.

Kür çayında daşqın təhlükəsi olmasa da, sahilboyu üzən nasoslar istisna olmaqla, su altında qalma təhlükəsi olan suvarma sistemləri idarəsinə məxsus iri stasionar su nasoları sudan çıxarılaraq kənara qoyulub.

Kürün səviyyəsinin kəskin artması Sabirabad, Salyan, Neftçala rayonlarında müşahidə edilir. Mütəxəssilər qeyd edir ki, Mingəçevir Su anbarında suyun səviyyəsini tənzimləmək məqsədilə anbardan suyun buraxılışı digər günlərə nisbətən çoxalıb. Su anbarına daxil olan suyun həcmi anbardan çıxan suyun həcmini üstələdiyindən buraxılışın həcmi saniyyədə 600 kubmetri ötüb. Bu da Kür çayının aşağı axınında suyun səviyyəsinin artmasına təsir edib. Digər tərəfdən Kür çayına qoşulan Girdimançay və Araz çaylarında da bol sululuq müşahidə edildiyindən yaxın günlərdə Kür çayında suyun səviyyəsi artmaqda davam edəcək.

Yerli qurumlardan aldığımız məlumata görə, rayon ərazilərində Kür çayının daşması barədə məlumat yoxdur.

Əlibəy Zeynallı Kür çay

Xəbər Lenti