Bazar ertəsi, 20 Aprel, 2026
Tarix: 20 Apr 2026 15:27
Mobil operatorun abunəçiləri artıq fiziki SIM kartdan eSIM-ə keçidi birbaşa mobil tətbiq vasitəsilə həyata keçirə bilərlər
“Azercell Telekom” MMC müştəri təcrübəsini daha da təkmilləşdirmək və xidmətlərini tam rəqəmsal müstəviyə keçirmək istiqamətində növbəti yeniliyi təqdim edib. Artıq istifadəçilər fiziki SIM kartdan eSIM-ə keçidi müştəri xidmətlərinə müraciət etmədən, birbaşa tətbiq üzərindən sürətli və rahat şəkildə həyata keçirə bilərlər.
“Azercell” tətbiqinə əlavə edilən yeni funksiyaya əsasən, eSIM-ə keçid prosesi bir neçə sadə addım vasitəsilə tam rəqəmsal formada icra olunur. İstifadəçi mobil tətbiqə daxil olaraq nömrəsini və şəxsiyyət vəsiqəsinə dair məlumatları daxil edir, daha sonra təsdiqləmə məqsədilə göndərilən birdəfəlik kodu (OTP) qeyd edir. Növbəti mərhələdə abunəçilər eSIM aktivasiyasını həm sistem tərəfindən yaradılan QR kod, həm də tətbiq daxilində təqdim olunan mərhələli təsdiqləmə mexanizmi vasitəsilə həyata keçirə bilərlər. QR kod eyni zamanda istifadəçinin qeyd etdiyi elektron poçt ünvanına da göndərilir.
Qeyd edək ki, eSIM texnologiyası fiziki SIM karta ehtiyacı aradan qaldırmaqla istifadəçilərə daha çevik və müasir istifadə imkanları təqdim edir. Bu texnologiya eyni cihazda bir neçə nömrədən istifadəni mümkün edir, həmçinin cihazlar arasında keçidi daha sürətli və rahat edir.
Azercell innovativ texnologiyaların tətbiqi və müştəri yönümlü rəqəmsal həllərin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.
Əşrəf Mehdiyev eSIM