Kənar dairəvi yoldakı qəzada xəsarət alanların vəziyyəti məlum olub - YENİLƏNİB

Tarix: 21 Apr 2026 16:48

Bu gün saat 10:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Biləcəri-Sədərək yolu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

“Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2 qadın, 1 kişi) Kliniki Tibbi Mərkəzə hospital olunub. Onlara kəllə sümüyünün sınığı, başın açıq yarası, epidural qanaxma diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. 1972-ci il təvəllüdlü pasiyent (kişi) cərrahi əməliyyata qəbul olunub. Vəziyyəti ağır qiymətləndirilən 2004-cü il təvəllüdlü şəxsin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1975-ci il təvəllüdlü şəxsin (qadın) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb”, - məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Gülcahan İmanqızı

***

11:38

Paytaxtın Yasamal rayonunda, Kənar dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Əraziyə FHN-in Bakı Regional Mərkəzin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Toyota" markalı minik avtomobilinin hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri almış üç nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi qəza

Xəbər Lenti