Vergi orqanlarına edilən müraciətlərin sayı 14%-ə yaxın azalıb

Tarix: 23 Apr 2026 12:42

Bu ilin I rübündə vergi orqanlarına 108.117 müraciət daxil olub.

Dövlət Vergi Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 faiz azalıb.

Daxil olmuş müraciətlərdən 88,6 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 11,4 faizi isə hazırda icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 61,8 faizi həll olunub, 36,6 faizi barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Hesabat dövründə baxılmış faktiki şikayətlərdən 1.142-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, vergi ödəyicisinin qeydiyyatı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdırılməsi, vergi borcu və digər məsələlərlə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 113, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.

İlahə Səlimova vergi orqanları müraciətlər azalma

Xəbər Lenti