Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana 94 mln. avro kredit ayırıb

Tarix: 24 Apr 2026 11:09

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycanda maliyyələşmə həcmi artıb.

“APA-Economics” bu barədə Banka istinadən xəbər verir. Son məlumata görə, Bankın Azərbaycanda təsdiqlədiyi 44 layihənin ümumi dəyəri 2,5% və ya 11,4 mln. avro artaraq 442,2 mln. avroya çatıb.

İmzalanmış 46 layihənin dəyəri isə 10,9 mln. avro və ya 2,5% artaraq 439,6 mln. avro təşkil edib.

BSTDB vəsait ayırdığı layihələrin sayını 41-dən 42-yə yüksəldib. Ayrılmış vəsaitin ümumi həcmi isə 93,6 mln. avro və ya 15,4% artırılaraq 701,6 mln. avroya çatıb.

Bankın portfel strukturuna görə, layihələrin ən böyük hissəsi maliyyə institutlarının payına düşür – 49,37%. Portfeldə enerji sektorunun payı 35,88%, daşınmaz əmlak sektorunun payı 7,04%, istehlak yönümlü sektorlar 3,99%, gündəlik istehlak malları sahəsi isə 3,72% təşkil edib.

Xatırladaq ki, BSTDB 1996-cı ildə təsis edilib. Beynəlxalq maliyyə institutu olan BSTDB-nin səhmdarları rolunda 11 ölkə (Azərbaycan, Türkiyə, Albaniya, Ukrayna, Gürcüstan, Bolqarıstan, Moldova, Rumıniya, Rusiya, Yunanıstan və Ermənistan) çıxış edir. BSTDB regional əməkdaşlığın inkişafı prinsiplərini dəstəkləyərək üzv ölkələrdə layihələrin maliyyələşdirilməsi və səhmdar kapitalda iştirakla bağlı layihələr həyata keçirir. Azərbaycan 2002-ci ildən Bankın üzvüdür və 5% paya malikdir.

Rahim Tarıverdiyev Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan BSTDB QDTİB kredit maliyyələşmə

Xəbər Lenti