Ekspert: WUF13 öyrənmək və təcrübə toplamaq üçün dünya səviyyəli platformadır

Tarix: 24 Apr 2026 11:07

WUF13-də iqlim dəyişikliyinin təsirləri, böyük şəhərlərdə tıxaclar, nəqliyyat infrastrukturu və digər məsələlərlə bağlı mövcud problemlər, dünya nümunələri və s. mövzularda fikir alış-verişi etmək fürsəti yaranacaq.

Bunu APA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib.

Cənubi Qafqaz üçün əhəmiyyət və Bakının çağırışları

“WUF13 forumu Cənubi Qafqaz üçün önəmlidir. Qarabağın azad edilməsindən sonra tikinti-quruculuq işləri, yeni şəhərlərin tikilməsi kimi layihələr icra olunur. Eyni zamanda, böyük şəhərlərin çağırışları mövzusuna diqqət ayırmalıyıq. Çünki Bakı da böyük şəhərlərin çağırışları ilə üz-üzədir”, - ekspert vurğulayıb.

Beynəlxalq platforma və dünya təcrübəsi

Rauf Ağamirzəyev hesab edir ki, WUF13 fərqli ekspertlərin fikirlərini eşitmək baxımından çox əhəmiyyətli olacaq: “WUF13 şəhər təsərrüfatının idarə olunmasında nümunələrin, çağırışların müzakirə olunması üçün beynəlxalq platformadır. Azərbaycan da bu platformadan maksimum istifadə etməlidir. WUF13 dünyada tıxac, ekoloji, problemlər, iqlim dəyişikliyi ilə əlaqəli olan çağırışlara hazırlıq və onların həll yolları, dünya təcrübələrini eşitmək baxımından əhəmiyyətli rol oynayacaq. Xüsusilə Bakıda son 5 ildə baş verən yağıntıların fəsadları, tıxac problemləri və mobilliyin transformasiyası mövzusunda müzakirələrin aparılması müəyyən problemlərin həllinə töhfə verəcək. Ona görə də WUF13 öyrənmək və təcrübə toplamaq üçün yaxşı, dünya səviyyəli platformadır. Gələcək layihələr üçün də gözəl bir təşəbbüsdür”.

“15 dəqiqəlik şəhər” konsepsiyası və şəhər planlaması

Ekspert bildirib ki, “15 dəqiqəlik şəhər” konsepsiyası bütün dünyada artıq tətbiq olunur: “Bu, Bakının Baş Planında da nəzərdə tutulub. Bakının təkmərkəzlikdən çoxmərkəzliyə çevrilməsi ilə bağlı qərar verilib. Ona görə də bu mərkəzləri əlaqələndirən sürətli məsafəyə uyğun həllər tətbiq olunmalıdır. Bununla bağlı Dövlət Proqramı var, bu istiqamətdə işlər görülür, amma bəzi sahələr üzrə sürət istənilən səviyyədə deyil”.

Piyada infrastrukturu və mobillik həlləri

Rauf Ağamirzəyevin sözlərinə görə, qısa məsafəli səfərlər üçün piyada infrastrukturunun təkmilləşdirilməsi, piyadaların önündə olan bariyerin aradan qaldırılması, səkilərin davamlı olması, qısa piyada marşrutunun formalaşması üçün qısa piyada keçidlərinin təmin olunması və s. kimi işlər görüldüyü təqdirdə mobilliyin transformasiyası daha sürətli olacaq: “Artıq ilkin elementləri biz görürük. Məsələn, ayrılmış avtobus zolağı, ayrılmış mikromobillik zolaqları kimi həllər tətbiq olunub. Amma hazırda onların daha da funksional olması üçün tamlığı təmin olunmalıdır”.

İctimai nəqliyyatın inkişafı və gələcək planlar

Ekspert əlavə edib ki, daha böyük mobillik deyəndə artıq reysli nəqliyyat - metro, tramvay, şəhərətrafı elektrik qatarı və s. nəzərdə tutulur: “Bunların da təkmilləşdirilməsi istiqamətində qərarlar verilib. Onların sürətli icrası 2030-cu ilə qədər nəzərdə tutulub. Nəticədə bugünkü şəraitimizi və mobilliyimizdə prioritetləri dəyişəcək. Amma düşünürəm ki, piyada infrastrukturu önəmli yerə sahibdir, bunu təxirə salmadan düzəltməliyik ki, insanlar səfərlərini sürətli və daha qısa məsafədə piyada mikromobilliklə təşkil etsinlər. Bu da mövcud yüklənmənin qarşısını alacaq. Bütün bu məsələlərin müzakirəsi, dünya təcrübəsindən yararlanmaq baxımından WUF13 ölkəmizin inkişafında mühüm rol oynayacaq”.

Günay Elşən WUF13 şəhər mobillik nəqliyyat infrastruktur 15 dəqiqəlik şəhər Cənubi Qafqaz Bakı Rauf Ağamirzəyev

Xəbər Lenti