Şənbə, 25 Aprel, 2026
Tarix: 25 Apr 2026 13:20
Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun qurulması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin bütün əsas küçə və istiqamətlərini, Kərkicahan qəsəbəsini əhatə edir. Şəhər sakinləri artıq yeni marşrutların üstünlüklərindən faydalanaraq, gündəlik hərəkətlərini daha rahat və təhlükəsiz şəkildə həyata keçirirlər. Sakinlər bildirirlər ki, avtobusların müntəzəm hərəkəti, dayanacaqların əlçatanlığı və xidmət keyfiyyəti onların gündəlik həyatını xeyli asanlaşdırıb. Xankəndililər yeni nəqliyyat sistemini müasir, rahat və etibarlı kimi qiymətləndirirlər.Şəhərin ictimai nəqliyyat şəbəkəsi üzrə hazırlanmış plan əsasında 3 marşrut xətti istifadəyə verilib. Belə ki, 1 nömrəli marşrut “Qarabağ Universitetinin Klinikası – Xankəndi Tikiş Fabriki”, 2 nömrəli marşrut “Kərkicahan qəsəbəsi – Dəmiryol və Avtovağzal kompleksi”, 3 nömrəli marşrut isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə” istiqamətində fəaliyyət göstərir.
Marşrut xətləri üzrə ümumilikdə 62 dayanacaq məntəqəsi müəyyən edilib və müvafiq nişanlarla təchiz olunub. İlkin mərhələdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir.
Qeyd edək ki, avtobusların hərəkətinə real vaxt rejimində nəzarət edilir. Layihə regionda müasir və ekoloji təmiz nəqliyyat sisteminin formalaşdırılmasına xidmət göstərir.
***
12.55
Xankəndi şəhərində ictimai nəqliyyat şəbəkəsi planı hazırlanıb və yeni marşrut şəbəkəsi üzrə marşrutlar istifadəyə verilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "APA-Economics"ə verilən məlumata görə, yeni marşrut şəbəkəsi şəhərin bütün vacib nöqtələrini birləşdirərək sakinlər üçün fasiləsiz nəqliyyat xidmətini təmin edəcək.
Xankəndidə fəaliyyət göstərəcək şəhərdaxili avtobus marşrutları bunlardır:
1 nömrəli avtobus “Qarabağ Universitetinin Klinikası - Xankəndi Tikiş Fabriki”;
2 nömrəli avtobus “Kərkicahan qəsəbəsi - Dəmiryol və Avtovağzal kompleksi”;
3 nömrəli avtobus isə “Qarabağ Universitetinin Klinikası – 1-ci dairə marşrutları üzrə hərəkət edəcək.
Marşrut xətləri boyu ümumilikdə 62 ünvanda dayanacaq məntəqələri müəyyən edilib və müvafiq nişanla təchiz olunub.
Sözügedən marşrutlar üzrə sərnişindaşımalar elektrik avtobuslarları ilə həyata keçiriləcək. Xankəndidə əhalinin bugünkü tələbatını nəzərə alaraq ilkin mərhələdə ümumilikdə 10 nəqliyyat vasitəsi 14-15 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Bunun üçün nəqliyyat vasitələrində müvafiq avadanlıqlar quraşdırılıb. Fiziki kartların balansını Xankəndi şəhərində mövcud olan ödəniş terminalları vasitəsilə artırmaq mümkündür.
Qeyd edək ki, avtobusların hərəkətinə AYNA-nın monitorinq mərkəzi vasitəsilə real vaxt rejimdə nəzarət ediləcək.
Elgün Gəncimsoy Xankəndi
