Bazar ertəsi, 27 Aprel, 2026
Tarix: 25 Apr 2026 13:09
Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Daşkəsən rayon ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
Bu barədə APA-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Fövqəladə hadisələr zamanı ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası, Daşkəsən Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.
Məşqin keçirilməsində əsas məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin rəisi polkovnik Rövşən Nəbiyev və Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov çıxış edərək ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Tədbir zamanı ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib.
Emin Şirvanzadə FHN təlim Daşkəsən




