AzTV komandası Efiopiyada: yeni sənədli filmin çəkilişi yekunlaşıb - VİDEO

Tarix: 27 Apr 2026 15:22

AzTV komandası Afrikanın ən qədim müstəqil dövlətlərindən biri olan Efiopiyada sənədli film çəkilişlərini uğurla başa çatdırıb.

Bu barədə APA-ya kanalın Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində bu qədim ölkənin həm müasir urbanizasiya prosesləri, həm də ənənəvi həyat tərzi geniş şəkildə araşdırılıb.

Çəkilişlər paytaxt Əddis Əbəbədə gedən urbanizasiya prosesinin müsbət və mənfi tərəflərini əhatə edir. Sürətlə inkişaf edən şəhər mühiti fonunda sosial dəyişikliklər, şəhərsalma problemləri və yeni həyat tərzi diqqət mərkəzində saxlanılıb.

Eyni zamanda, AzTV komandası Efiopiyanın cənub-qərbində yerləşən Aşağı Omo vadisində, Cənubi Sudan sərhədinə yaxın ərazilərdə yaşayan yerli etnik qrupların həyatını lentə alıb. Xüsusilə Mursi qəbiləsinin gündəlik yaşayışı, adət-ənənələri və mədəni xüsusiyyətləri sənədli filmdə əks olunub.

AzTV-nin hazırladığı bu sənədli film Efiopiyanın zəngin tarixi, rəngarəng mədəniyyəti və müasir inkişaf dinamikasını tamaşaçılara daha yaxından təqdim edəcək.

AzTV Efiopiya film

Xəbər Lenti