Əcəmi Naxçıvaninin abidəsinin hazırlanmasına başlanıb - FOTO

Tarix: 28 Apr 2026 15:46

Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində ucaldılacaq abidəsinin hazırlanmasına başlanıb. Heykəlin müəllifi Xalq rəssamları Salhab Məmmədov və Əli İbadullayevdir.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov deyib.

O qeyd edib ki, 18 sentyabr 2025-ci il tarixdə Prezident İlham Əliyev tərəfindən orta əsrlər Azərbaycan memarlığının inkişafında müstəsna yeri olan Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması haqqında sərəncam imzalanıb: "Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Belə ki, abidənin ucaldılacağı ərazi müəyyənləşdirilib, müvafiq konsept hazırlanıb. Konseptə uyğun olaraq Naxçıvan şəhər “Əcəmi Seyrəngahı İstirahət Kompleksi”ndə Memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması ilə əlaqədar layihələdirmə işləri aparılıb, hazırda tikinti quraşdırma işləri həyata keçirilir. Görülən işlərlə eyni zamanda heykəlin və postamentinin hazırlanmasına da başlanılıb".

Vurğulanıb ki, heykəl hazırda Bakı şəhərində hazırlanır, may ayında Naxçıvana gətirilməsi nəzərdə tutulur. Heykəlin hündürlüyü 2.7 metr, postamentinin hündürlüyü 90 sm., abidənin ərazisi 212 kvadratmetr olacaq.

Ceyhun Məmmədov Naxçıvan Əcəmi Naxçıvani abidə

Xəbər Lenti