Çərşənbə axşamı, 28 Aprel, 2026
Tarix: 28 Apr 2026 17:06
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Memarlıq və İnşaat Universitetinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Universitetin həyətində taxta tullantılarının yandığı müəyyən edilib.
Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ali təhsil müəssisəsinin ərazisində taxta materialları 50 kv.m. sahədə, 13 mərtəbəli birinci tədris korpusunun xarici divarının alkopondan ibarət üzlüyü 20 kv.m. sahədə yanıb, binanın birinci mərtəbəsinin 2 ədəd pəncərə çərçivəsi yüksək temperaturdan deformasiyaya uğrayıb.
Universitetin binası yanğından mühafizə olunub.
***
15.27
Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 saylı tədris binasının həyətində yanğın baş verib.
Bu barədə APA-ya Memarlıq və İnşaat Universitetinin Mətbuat xidimətinin rəhbəri Nicat Abdullayev bildirib.
Onun sözlərinə görə, universitetin binasına tüstü yayılıb: “Ona görə binadakı bütün tələbələr, əməkdaşlar və müəllimlər təxliyə olunub. Yanğın Fövqaladə Hallar Nazirliyinin yağınsöndürmə birqadaları tərəfindən söndürülüb, ərazi tamamilə nəzarətə götürülüb. Yanğın zamanı xəsarət alan olmayıb”.
***
15.15
Memarlıq və İnşaat Universitetinin həyətində taxta tullantıları yanıb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb. Xəsarət alan olmayıb.
Selcan Zaurqızı Memarlıq və İnşaat Universiteti yanğın