Cümə, 8 May, 2026
Tarix: 07 May 2026 18:56
Fövqəladə Hallar Nazirliyi Sumqayıt Regional Mərkəzinin (RM) təşkilatçılığı ilə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt şəhərində yerləşən “Etilen-Polietilen” zavodunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, təlimdə FHN Sumqayıt RM-in rəisi polkovnik Vaqif Fətullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, FHN-in aidiyyəti yerli strukturlarının nümayəndələri, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.
Əvvəlcə, təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Sumqayıt RM-in rəisi polkovnik Vaqif Fətullayev mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra kompleks mülki müdafiə təliminə start verilib.
Təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib. Təlim zamanı şəhərin mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hadisə baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, “yanğınların” söndürülməsi, “partlayış baş vermiş obyektdə” axtarış-xilasetmə işləri həyata keçirilib.
Kompleks mülki müdafiə təliminə ümumilikdə 169 nəfərdən ibarət şəxsi heyət və 32 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, şəhərin mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
FHN təlim Sumqayıt kompleks mülki müdafiə təlimi









