Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 14:24
"Qəsəbədən ayrılmaq istəmirəm, ən böyük arzum köçkünlük illərində tanıdığım insanları burada qonaq etməkdir".
Bunu APA-nın Qarabağ bürosuna Kərkicahan qəsəbəsinin sakini İrşad Səfərov deyib.
İrşad Səfərov 1941-ci ildə Xankəndi şəhərində anadan olub. Onun uşaqlıq dövrü, orta məktəb illəri və əmək fəaliyyəti məhz Xankəndi ilə bağlı olub. O, uzun illər burada sürücü kimi fəaliyyət göstərib.
Lakin münaqişə onun ailəsindən də yan keçməyib. 1991-ci ilin qarlı dekabr ayında onun evi mühasirəyə alınıb və evə od vurulub. Həmin dövrdə şəhəri məcburən tərk edənlər arasında əsir düşənlər və həlak olanlar da olub. Sonrakı illərdə İrşad Səfərov ailəsi ilə birlikdə əvvəlcə Ağcabədi, daha sonra Gəncə şəhərində ağır şəraitdə məcburi köçkün həyatı yaşayıb.
Hazırda doğma Kərkicahan qəsəbəsində evlə təmin olunan İrşad Səfərov bildirib ki, Xankəndi şəhərinə qayıtması onun üçün hələ də inandırıcı görünmür, sanki bir yuxu kimidir.
Uzun illər bu yurdun və doğma Kərkicahanın həsrəti ilə yaşayan İrşad Səfərov deyib ki, indi Gəncə və Bakıdan qonaq dəvət olunsa da, doğma yurdu tərk etmək istəmir. Ən böyük arzusu köçkünlük illərində tanıdığı insanları Kərkicahan qəsəbəsində qonaq etməkdir.
Onun qızı Arifə Səfərova da ailələrinə yaradılan şəraitdən razılıq ifadə edib. O bildirib ki, hazırda yaşadıqları qəsəbədə işıq, su və qaz fasiləsiz şəkildə təmin olunur. Onun sözlərinə görə, gündəlik həyatlarını normal davam etdirirlər, şəhərə çıxaraq parklarda gəzirlər və keçmişdən tanıdıqları qonşular və yaxınlarla rastlaşırlar.
Arifə Səfərova qeyd edib ki, Xankəndidə keçmiş sakinlərlə görüşmək, illər öncə yaşananları xatırlamaq onların xatirələrini yeniləyir və gələcəyə olan ümidlərini gücləndirir. O, Xankəndini həmişə canlı və keçmiş sakinlərinin əhatəsində görmək arzusunda olduğunu bildirib.
Elgün Gəncimsoy Kərkicahan Xankəndi köç


