Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 17:39
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi klassik tibb təhsilindən fərqli bir təhsil modeli ilə fəaliyyətə başlayıb. Sistemimiz və metodumuz çox yenidir. Son 10-15 ildə təcrübə edilmiş bir sistemlə yola başlamışıq.
Bu barədə APA-ya Qarabağ Universiteti Tibbi Biokimya ixtisası üzrə baş müəllimi Hikmət Məmmədov deyib.
O, təhsilin üç əsas istiqamət üzrə - hibrid, spiral və interprofessional modeli əsasında aparıldığını bildirib: “Bunun klassik təhsil sistemindən fərqi ondan ibarətdir ki, tələbələr birinci kursda tibb fakültəsi, tibb bacılığı, diş həkimliyi və əczaçılıq ixtisasları təməl tibbi elmləri birlikdə keçirlər. Bu da interprofessional təhsilin önəmli bir parçasıdır.
Hibrid təhsil sistemində kafedra anlayışı yoxdur. Təməl tibb elmləri üzrə fərqli ixtisaslardan olan müəllimlər birlikdə dərs keçirlər. Bu isə mövzunun daha yaxşı anlaşılmasına və qavranılmasına imkan verir. Spiral təhsil sistemində isə bir mövzu bir kursda tam şəkildə öyrədilib bitirilmir. Həmin mövzu birinci, ikinci, üçüncü və dördüncü kurslarda davamlı şəkildə tələbələrin qarşısına çıxır. Mövzunun müəyyən hissəsi birinci kursda, digər hissələri isə növbəti kurslarda tədris olunur.
Beləliklə, biz klassik təhsil sistemi ilə deyil, daha müasir və effektiv metodlarla tələbələrlə işləyirik. Bundan başqa, elmi metodlarda təcrübə qazanmış digər metodlardan da istifadə edirik. Tərsinə çevrilmiş sinif metodu tətbiq olunur. Mövzu əvvəlcədən tələbələrə verilir, onlar həmin mövzunu özləri öyrəndikdən sonra fərdi və komanda şəklində imtahandan keçirlər.
Həmçinin təhsil sistemimizdə birinci kursdan etibarən elmi tədqiqat dərsləri keçirilir və bu sahənin bütün istiqamətləri tələbələrə öyrədilir. Bunun sayəsində onlar sadəcə nəzəri baxımdan deyil, elmi tədqiqat yönümlü düşünməyi də mənimsəyirlər.”
Həkim mama-ginekoloq Günel Sadıqova deyib ki, Qarabağ Universitetində çalışmaq onun üçün çox qürurvericidir:
“Hazırda Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsində müəllim, eyni zamanda Qarabağ Universiteti Klinikasında həkim olaraq fəaliyyət göstərirəm. Biz burada həm də gələcəyin səhiyyə sistemini formalaşdıran bir mühit yaradırıq. Təhsil proqramımız çox innovativdir və beynəlxalq standartlara uyğundur. Burada spiral və inteqrativ metodlarla dərslər keçirik. Dərslər bloklar üzrə aparılır və hər blokda beş istiqamət üzrə dərs proqramı tədris olunur. Əsas məqsəd təkcə tibbi biliklərə sahib olan həkim deyil, həm də effektiv ünsiyyət qura bilən, etik və empatik tibb işçisi yetişdirməkdir” .
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin Fiziologiya ixtisası üzrə müəllimi Şəhla Eyvazova da qeyd edib ki, Xankəndidə olmaq, burada tibb proqramının qurucu müəllimi kimi fəaliyyət göstərmək çox qürurverici hissdir: “Fəxr edirəm ki, burada çalışıram. Biz burada klassik tibb təhsilindən fərqli proqram üzərində çalışırıq.
Klassik təhsildə bir il anatomiya, ikinci il fiziologiya və digər ildə biokimya dərsi keçirilirsə, bizim tədris proqramımızda sadalanan fənlər üç il ərzində inteqrativ şəkildə tədris olunur.”
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin müəllimi Nilufər Demiral Yılmaz vurğulayıb ki, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin fəaliyyəti bölgənin gələcəyi üçün çox önəmlidir: “Çünki tibb və sağlamlıq insan həyatı üçün vacib sahədir.
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin tələbələrlə iş üzrə mütəxəssisi Mədinə Familzadə qeyd edib ki, təhsil müəssisəsinin nəzdində çox böyük Tələbələrlə İş Mərkəzi fəaliyyət göstərir.
Bu mərkəzin qurulmasında əsas məqsəd tələbələr arasında ailə mühiti yaratmaqdır və artıq 8 ay ərzində buna nail olmuşuq. Bundan başqa, Tibb və Sağlamlıq Elmləri Fakültəsinin tələbələri tərəfindən Tibb Klubu da yaradılıb. Klub çərçivəsində bir çox maraqlı tədbirlər keçirilib. Bunlardan biri də nadir xəstəliklərlə bağlı araşdırma və müzakirələr aparmaqdir” .
Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekanı və Qarabağ Universiteti Klinikasının baş direktoru Samir Babayev qeyd edib ki, klinika hazırda inkişaf mərhələsindədir və gündən-günə böyüyür: “Hazırda klinikamız 109 çarpayılıqdır və burada 20-dən çox ixtisaslı həkim çalışır.
Klinikamız 3 mərhələdə fəaliyyətə başlayıb. Birinci mərhələdə ambulator xidmətlər fəaliyyət göstərir. Burada pediatriya, böyük xəstələr üçün terapiya və cərrahiyyə sahələri üzrə poliklinikalar mövcuddur.
Diaqnostik sahədə laboratoriyamız tam funksionaldır. Bundan başqa, radiologiya bölməmiz də fəaliyyətə başlayıb. İkinci mərhələdə isə təcili yardım xidməti açılacaq və bunun fəaliyyətə başlaması iyun ayına nəzərdə tutulub.
İlin sonuna qədər komandanın heyət sayının 230 nəfərə çatdırılması planlaşdırılır. Həmin vaxt klinikamız ambulator, təcili yardım, stasionar və poliklinika xidməti ilə tam funksional şəkildə fəaliyyət göstərəcək. Burada çalışan əməkdaşların böyük hissəsi Qarabağda doğulub boya-başa çatan və bu torpaqlara bağlı insanlardır.”
Birinci kurs tələbəsi Xədicə Əliyeva qeyd edib ki, Xankəndidə təhsil almaq xüsusi dəyər daşıyır: “Burada ilk təhsil alan tələbələrdən biri olmaq böyük fəxrdir. Tibb təhsili nə qədər çətin olsa da, bir o qədər maraqlıdır.
Tələbə Tahir Qüdrətli uşaqlıqdan ən böyük arzusunun tibb sahəsində təhsil almaq olduğunu vurğulayıb: “Burada ən yeni və müasir metodlarla təhsil verilir.
Elgün Gəncimsoy Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəsi Klinika təcili yardım xidməti








