Çərşənbə, 13 May, 2026
Tarix: 13 May 2026 16:09
“Torpaqlarımız azad olunduqdan sonra ən böyük arzumuz Qarabağı görmək idi, bura dönmək və bu arzumuz gerçəkləşdi. Uzun illər bu yerlər haqqında o qədər danışılmışdı ki, bura gəlmək bizə xəyal kimi görünürdü”.
Bunu APA-nın Qarabağ bürosuna Xocalı rayonunun Badara kənd sakini Əzət Salmanova bildirib. O, Gəncə şəhərində doğulduğunu, daha sonra ailəsi ilə birlikdə Oğuz rayonuna köçərək orta təhsilini orada başa vurduğunu bildirib:
“Ali təhsilimi Bakı Slavyan Universitetinin Dil və Ədəbiyyat fakültəsində almışam. Təhsilimi başa vurduqdan sonra ailə qurmuşam, iki övladım var. Doğma torpaqlara qayıdış həm sevinc, həm də kədər hissi ilə müşayiət olunur. Bir tərəfdən böyük sevinc yaşayırıq, digər tərəfdən isə dərin kədər hiss edirik. Çünki bu torpaqlar bizə şəhidlərimizin qanı bahasına qayıdıb. Onların xatirəsi əzizdir, ruhları qarşısında baş əyirik. İndi isə bu torpaqlarda yaşamaq, təbiətin qoynunda həyat sürmək bizim üçün böyük xoşbəxtlikdir. Sanki illərlə dinlədiyimiz bir nağılın içində yaşayırıq”.
Ailənin digər üzvü Musa İbadullayev isə bildirib ki, köçkünlük illərində Bərdə rayonunda doğulub, bu gün artıq ata-baba yurduna qayıtmağın sevincini yaşayır:
“Bu yerləri əvvəllər görməmişdik, amma atalarımız bizə daim buradan danışırdı. İndi isə onların bizə əmanət etdiyi torpaqlarda yaşayırıq. Bu yurdu qorumaq və inkişaf etdirmək bizim borcumuzdur”.
Badara kəndinə qayıdan ailə hazırda şəxsi təsərrüfatlarını inkişaf etdirir və kəndin dirçəlişinə öz töhfələrini verməyə çalışır. Onlar bildirirlər ki, ömürlərinin sonuna qədər doğma torpaqlarda yaşayaraq bu yurdun daha da çiçəklənməsi üçün çalışacaqlar:
“Heyvandarlıqla məşğul oluruq, torpaqla işləyirik. Kənddə çalışmaq bizim üçün daha təbiidir. Ata-babalarımızın məzarlarının bu torpaqlarda olması isə bizə xüsusi mənəvi güc verir. Öz halal zəhmətimizlə dolanırıq və bu həyat bizim üçün çox dəyərlidir”.
Elgün Gəncimsoy Xocalı Badara Qarabağ



