WUF13 çərçivəsində Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlərin görüşü keçiriləcək

Tarix: 14 May 2026 11:18

17-22 may tarixində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ilk günündə WUF13-də yeni təşəbbüs kimi Yeni Şəhərsalma Proqramı ilə əlaqədar nazirlər səviyyəsində görüş təşkil olunacaq.

Bu barədə APA-ya WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Məlumata görə. Yeni Şəhərsalma Proqramının 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu görüş əldə olunan irəliləyişləri qiymətləndirmək, mövcud problemləri müəyyən etmək və növbəti icra mərhələsini formalaşdırmaq üçün fürsət təqdim edir.

Azərbaycanın Sədrliyi altında 17 may tarixində keçiriləcək bu görüşdə hökumət nümayəndələri bir araya gələrək Yeni Şəhərsalma Proqramının icrasını nəzərdən keçirəcək və 2036-cı ilə qədər olan növbəti mərhələ üçün prioritetləri müzakirə edəcəklər.

WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna uyğun olaraq, bu müzakirələrdə inklüzivliyə, davamlılığa və dayanıqlı şəhər inkişafına təkan verən əsas faktor kimi mənzil təminatı məsələsinə xüsusi diqqət yetiriləcək.

Nazirlər görüşü ölkələrə təcrübə mübadiləsi aparmaq, mövcud boşluqları müəyyənləşdirmək və Yeni Şəhərsalma Proqramı üzrə öhdəlikləri möhkəmləndirmək üçün platforma təqdim edəcək. Eyni zamanda, sözügedən görüş 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli icmal ərəfəsində siyasi dinamikanın artırılmasına da öz töhfəsini verəcək.

İştirakçılar mənzil təminatının üç əsas istiqamət – sosial inklüzivlik və yoxsulluğun azaldılması, iqtisadi rifah və imkanlar, eləcə də ekoloji dayanıqlılıq və iqlimə davamlılıq üzrə əsas təkanverici rolunu müzakirə edəcək və əldə edilmiş nəticələri, habelə milli yanaşmaları və növbəti mərhələ üçün prioritetləri nəzərdən keçirəcəklər.

Tədbir Azərbaycan Respublikasının Hökuməti, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və BMT nümayəndələrinin iştirakı ilə təşkil olunacaq yüksək səviyyəli dialoqla başlayacaq. Bunun ardınca nazirlər tərəfindən üzv dövlətlərin milli nailiyyətlərini və prioritet istiqamətlərini əks etdirən bəyanatlar səsləndiriləcək.

Günün ikinci yarısında üç tematik panel keçiriləcək. Görüş Sədrin Xülasəsi sənədinin qəbulu ilə başa çatacaq.

Qeyd olunub ki, əsas tövsiyələri əks etdirməklə yanaşı, bu sənəd qlobal səviyyədə hesabatverməproseslərinə, eləcə də WUF13-ün yekun sənədlərinə, o cümlədən Bakı Fəaliyyətə Çağırış sənədinə töhfə verəcək.

WUF13 Yeni Şəhərsalma Proqramı nazirlərin görüşü

Xəbər Lenti