Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında panel müzakirələri keçirilir - FOTO

Tarix: 14 May 2026 15:33

Qlobal Cənub QHT Platformasının Baş Assambleyası çərçivəsində panel müzakirələri keçirilir.

APA xəbər verir ki, “Qlobal Cənub: mövqelərin uzlaşdırılması və strateji əməkdaşlıq” mövzusunda keçirilən panel müzakirəsində çıxış edən beynəlxalq ekspertlər və diplomatlar Azərbaycanın qlobal dialoq platformasına çevrildiyini vurğulayıblar.

Paneldə çıxış edən BMT-nin Sülh Universitetinin (UPEACE) Vyana və Cenevrədəki BMT ofisləri yanında səfiri və daimi müşahidəçisi David Fernandes Puyana bildirib ki, Azərbaycanda keçirilən bu tədbir BMT-nin əsas prinsiplərini özündə əks etdirir: “Bu forum beynəlxalq sülh və təhlükəsizliyin qorunması, insan hüquqlarının təşviqi, sosial tərəqqi və xalqlar arasında əməkdaşlığın gücləndirilməsi kimi BMT dəyərlərinin bariz nümunəsidir”.

O, Azərbaycanın Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrini Bakıda bir araya gətirməsini yüksək qiymətləndirərək qeyd edib ki, son illərdə Qlobal Cənubun BMT daxilində təsiri əhəmiyyətli dərəcədə artıb: “Qlobal çağırışlar qlobal həllər tələb edir. Bu isə azadlıq, inkişaf və həmrəylik naminə güclü şəkildə birləşmiş Qlobal Cənub deməkdir”.

Paneldə çıxış edən BMT-nin Məskunlaşma proqramında Beynəlxalq Hökumətlərarası məsələlər üzrə sabiq şöbə müdiri Kristian Mensah isə Azərbaycanın COP29-a uğurlu ev sahibliyini xüsusi vurğulayıb. O deyib ki, Bakının beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkənin inklüziv dialoq üçün mühüm mərkəzə çevrildiyini göstərir: “Azərbaycanın COP29-a ev sahibliyi etməsinə görə ayrıca təşəkkürümü bildirmək istəyirəm. Bu, Azərbaycanın inklüziv dialoq üçün toplaşma mərkəzi kimi artan rolunu vurğulayır”.

Müzakirələrdə çıxış edən Meksikanın Azərbaycandakı sabiq səfiri Rodriqo Labardini isə bildirib ki, “Qlobal Cənub” anlayışı yalnız coğrafi deyil, həm də siyasi, iqtisadi və tarixi məna daşıyır. Onun sözlərinə görə, iqlim dəyişikliyi artıq ərzaq təhlükəsizliyi, miqrasiya və dövlət suverenliyi üçün ciddi təhdidə çevrilib.

Sabiq səfir vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi qurumlar mövcud qlobal siyasi reallığı tam əks etdirmir: “Qlobal Cənub artıq beynəlxalq siyasətdə passiv tərəf deyil, beynəlxalq münasibətləri dəyişən fəal aktordur”.

Rodriqo Labardini əlavə edib ki, iqlim idarəçiliyi artıq Qlobal Cənub diplomatiyasının əsas istiqamətlərindən birinə çevrilib və inkişaf etməkdə olan ölkələrin gələcəyi həmrəylik, Cənub-Cənub əməkdaşlığı və texnoloji transformasiyaya uyğunlaşmadan asılı olacaq.

Xəbər Lenti