Dövlət Xidməti: Şəhərsalma forumunda koordinasiyalı fəaliyyətin təşkili üçün müvafiq qərarlar qəbul olundu

Tarix: 14 May 2026 16:22

Müasir şəhərsalma yanaşması təkcə gözəl estetik binaların tikilməsi demək deyil.

APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Cəmil Xudiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada şəhərsalma fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb, bu prosesin vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasındakı rolu müzakirə olunub.Tədbirdə müasir şəhərlərin təhlükəsizliyi məsələlərinə toxunulub. Müzakirələr zamanı sürətli urbanizasiya prosesinin, irimiqyaslı tikintilərin, o cümlədən hündürmərtəbəli yaşayış binaları, iri ticarət və logistik mərkəzlərin, enerji infrastrukturu obyektlərinin çoxalmasının fövqəladə hadisələrin baş vermə ehtimallarını artırması xüsusi qeyd olunub.

Rəis müavini bildirib ki, müasir şəhərsalma yanaşması təkcə gözəl estetik binaların tikilməsi demək deyil, onların təhlükəsiz istismarı da təmin olunmalıdır: “Bu kontekstdə dövlət nəzarəti fövqəladə hallara davamlı infrastrukturun qurulmasına xidmət edir. Bu gün keçirilən tədbirdə şəhərsalma forumunda iştirak edən müvafiq icra hakimiyyəti orqanlarının təklifləri dinlənildi, koordinasiyalı fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq qərarlar qəbul olundu".

Emin Şirvanzadə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti müasir şəhərsalma

Xəbər Lenti