Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 15:44
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda dəyirmi masa təşkil edilib.
APA xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyinin və müvafiq tabeli qurumlarının, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, "Azərenerji" ASC və "Azərişıq" ASC, "Azəriqaz" İB, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və WUF13 Təşkilat Komitəsinin rəsmiləri iştirak edib.
Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd şəhərsalma fəaliyyəti zamanı vətəndaşların təhlükəsiziliyinin etibarlı şəkildə təmin edilməsinə dair müzakirələrin aparılması və bu istiqamətdə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsindən ibarət olub.
Dəyirmi masada çıxışçılar Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıqla əlaqədar aidiyyəti üzrə görülən işlər barədə ətraflı məlumat verib.
Bununla yanaşı, şəhərsalma fəaliyyətində dövlət nəzarətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb, sözügedən prosesin vətəndaşların təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasındakı rolundan bəhs ediblər.
Natiqlər, həmçinin hazırlıq ərəfəsində maarifləndirmə xarakterli tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə FHN tərəfindən görülmüş işlərdən danışıblar.
Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Emin Şirvanzadə Fövqəladə Hallar Nazirliyi WUF13 dəyirmi masa






