Karlovı-Varının bənzəri: Kəlbəcərin İstisu mineral bulağı turistlər üçün cəlbedici məkana çevrilə bilər - FOTO

Tarix: 15 May 2026 11:14

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi ərazisində yerləşən İstisu mineral bulağı həm kimyəvi tərkibi, həm də fiziki xüsusiyyətlərinə görə dünyada tanınan Çexiyanın Karlovı-Varı kurort suları ilə oxşarlıq təşkil edir. Bu təbii sərvət bir sıra xüsusiyyətlərinə görə nadir hidroloji mənbə kimi dəyərləndirilir.

APA xəbər verir ki, geoloji araşdırmalara əsasən, İstisu mineral suyunun formalaşması tektonik proseslərlə bağlıdır. Xüsusilə 1138-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində yer qatlarında yaranan çatlar dərinlikdən səthə termal suların çıxmasına şərait yaradıb. Hazırda mənbədən çıxan suyun temperaturu orta hesabla 58-60°C arasında dəyişir.

Mütəxəssislərin bildirdiyinə görə, İstisu mineral suyu müxtəlif xəstəliklərin profilaktikası və müalicəsində geniş istifadə olunur. Maddələr mübadiləsi pozğunluqları, dəri xəstəlikləri, sinir sistemi, ginekoloji və uroloji problemlər, eləcə də dayaq-hərəkət sistemi xəstəlikləri - o cümlədən revmatizm və artrit - üzrə müsbət təsiri ilə seçilir.

İstisu bulağının gələcəkdə həm yerli, həm də xarici turistlərin əsas maraq mərkəzlərindən birinə çevriləcəyi gözlənilir. Bölgənin təbii imkanları, müalicəvi suyunun xüsusiyyətləri və dağlıq relyefi burada sağlamlıq və sanatoriya turizminin inkişafı üçün geniş perspektivlər yaradır. Mütəxəssislər hesab edirlər ki, infrastrukturun genişləndirilməsi və turizm xidmətlərinin müasir standartlara uyğunlaşdırılması Kəlbəcərin bu sahədə cəlbediciliyini daha da artıracaq.

Qeyd edək ki, İstisu bulağından Kəlbəcər şəhər mərkəzinə olan məsafə təxminən 42 kilometrdir.

Elgün Gəncimsoy Kəlbəcər İstisu mineral suyu Zülfüqarlı kəndi

Xəbər Lenti