Çərşənbə axşamı, 26 May, 2026
Tarix: 26 May 2026 17:38
Mayın 26-da işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin etibarlı mühafizəsi və müdafiəsi üzrə xidməti-döyüş fəaliyyətini həyata keçirən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçuları Zəngilan rayonunun dağlıq ərazisində köməksiz vəziyyətdə cüyür balası aşkar ediblər.
APA xəbər verir ki, bu barədə DSX-dan bildirilib.
Hərbi qulluqçularımız nadir fauna nümunəsinə həssaslıq və qayğı ilə yanaşmış, sərhədçi baytar həkimin ilkin tibbi yardımından sonra zəruri tədbirlər görülərək onun təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilmişdir. Hazırda cüyür balasının aidiyyəti dövlət qurumuna təhvil verilməsi istiqamətində müvafiq tədbirlər görülür. Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə dövlət sərhədinin mühafizəsi ilə yanaşı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin daim diqqət mərkəzində saxlanılır. Xidməti ərazilərdə ekoloji təhlükəsizliyin təmin olunması, təbii sərvətlərin qorunması və ekosistemin mühafizəsi məqsədilə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində ardıcıl tədbirlər həyata keçirilir.
Mənbə: apa.az