Cümə axşamı, 28 May, 2026
Tarix: 28 May 2026 11:35
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Niva” markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər (kişi cinsli) xilas edilib.
***
11:13
İsmayıllıda avtomobil çaya aşıb, 5 nəfər köməksiz vəziyyətdə qalıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.
1980-ci il təvəllüdlü Cümşüd Hüseynova məxsus “Niva” markalı avtomobildə sürücü və 4 nəfər sərnişini köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən xilas edilib.
İlham Əhmədov FHN İsmayıllı
Mənbə: apa.az