Bazar ertəsi, 1 İyun, 2026
Tarix: 01 Jun 2026 19:07
İki nəfərə qarşı külli miqdarda dələduzluqda ittiham edilən dəstə üzvlərinin məhkəməsi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər Mübariz Məmmədov, Firuz Babayev, Tural Əmirbəyov və Elşən Əlizadənin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək onların ev dustaqlığına buraxılmasını xahiş ediblər. Bildiriblər ki, müdafiə etdikləri şəxslər həbsdə dəymiş ziyanı ödəyə bilmirlər.
Məhkəmə vəsatətləri təmin etməyib.
Daha sonra prosesdə ittiham aktı elan olunub. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yüksək vəzifəli tanışları olan, nüfuzlu şəxslər kimi təqdim edib, yalan vədlər verərək iki nəfəri aldadıblar. Onların külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirilib.
Belə ki, onlar zərərçəkən kimi tanınan sahibkar Quvat Beybutova Bakının Binəqədi rayonundakı 178 saylı uşaq bağçasının binasını və Şüvəlanda yerləşən torpaq sahəsini özəlləşdirib onun adına keçirəcəklərini vəd veriblər. Qarşılığında ondan ümumilikdə 450 min manat pul alıblar. Digər zərərçəkən Muraz Mürsəlova isə Şüvəlan qəsəbəsində yerləşən iki böyük torpaq sahəsini və oradakı tikililəri özəlləşdirəcəklərinə söz veriblər. Müxtəlif vaxtlarda hissə-hissə olmaqla ondan ümumilikdə 850 min manat pul alıblar. Təqsirləndirilən şəxslər daha sonra vədlərinə əməl etməyib və pulları öz aralarında bölüblər.
Təqsirləndirilən şəxslər elan olunan ittiham üzrə özlərini təqsirli bilməyiblər.
İclasda o da məlum olub ki, Quvat Beybutova dəymiş 450 min manatlıq ziyanın bir qismi ödənilib.
Növbəti proses iyulun 27-nə təyin edilib.
Qeyd edək ki, Mübariz Məmmədov, Firuz Babayev, Tural Əmirbəyov və Elşən Əlizadə qabaqcadan əlbir olan bir qrup şəxs halında özlərini vəzifəli şəxslər kimi təqdim edərək, müxtəlif vəddlər verərək Quvat Beybutovun 450 min, Muraz Mürsəlovun isə 850 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.
İş üzrə zərərçəkmiş sahibkar Quvat Beybutov Sindo-ryu və Pençak-silat Federasiyasının (ASPF) prezidentinin də təqsirləndirildiyi 4 milyon manatlıq dələduzluq işi üzrə cinayət işində zərərçəkən kimi tanınır.
Selcan Zaurqızı Məhkəmə dələduzluq sahibkar iş adamı ittiham aktı
Mənbə: apa.az