Çərşənbə, 10 İyun, 2026
Tarix: 10 Jun 2026 15:11
Bakıda qətl törətməkdə ittiham olunan Afiq Hacıəliyev və tanışı Natiq İmamcanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Afiq Hacıəliyev 14 il, Natiq İmamcanov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. N.İmamcanov məhkəmə zalında həbs olunub.
Dövlət ittihamçısı təqsirləndirilənlər Afiq Hacıəliyevin 18 il 6 ay, Natiq İmamcanovun isə 4 il azadlıqdan məhrum edilməsini və onun zaldan həbs olunmasını məhkəməyə təklif edib.
Qeyd edək ki, hadisə ötən il baş verib. Paytaxt ərazisində Afiq Hacıəliyevin mübahisə zəminində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək öldürməyinə əsaslı şübhələr müəyyən edilib.
Afiq Hacıəliyev və hadisə zamanı onunla olan tanışı Natiq İmamcanovla təqsirləndirilən şəxs qismində məsuliyyətinə cəlb olunublar. Afiq Hacıəliyevə Cinayət məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Selcan Zaurqızı Bakı qətl məhkəmə hökm
Mənbə: apa.az