BP və tərəfdaşları Azərbaycandakı layihələrə 85 mlrd. dollar sərmayə qoyub

Tarix: 03.05.2024 11:15

Bu gün BP Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriya açıb.

"APA-Economics" xəbər verir ki, Laboratoriya BP tərəfindən xüsusi olaraq alınmış və universitetdə quraşdırılmış 30 ədəd müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz olunub.

Gözlənilir ki, hər il 1000-ə yaxın müəllim və tələbə laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcək, innovativ İKT-dən istifadə etməyi, təhlükəsiz və səmərəli informasiya sistemləri yaratmağı və saxlamağı öyrənəcək, ümumilikdə isə rəqəmsal transformasiyanı mənimsəyəcəklər. Bura əsasən kompüter mühəndisliyi, İKT, kompüter elmləri və kibertəhlükəsizlik/informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşan tələbələr daxildir. Layihənin ümumi dəyəri təqribən 403 000 manatdır (237 000 dollar).

“Mühəndislik Universiteti üçün İKT və kibertəhlükəsizlik bacarıqları və ümumilikdə digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək bu yeni laboratoriyanı açmaqdan çox məmnunuq. İKT-nin gündəlik həyatımızda nə dərəcədə əhəmiyyətli olduğunu söyləməyə gərək yoxdur. Buna görə də kibertəhlükəsizlik, məlumat analitikası, şəbəkələrin idarə edilməsi, proqram təminatının işlənib hazırlanması və digər əlaqəli sahələri əhatə edən bacarıqların inkişaf etdirilməsi geniş karyera imkanlarına qapı aça bilər", - BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli

Qeyd edilib ki, bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 85 milyard ABŞ dolları sərmayə qoyub.

Onu da əlavə etmək lazımdır ki, fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon dollardan çox vəsait xərcləyib.

Xəbər Lenti