Nazir müavini: Qadın sahibkarlığın inkişafı üçün 50 mln. manatdan çox güzəştli kredit verilib

Tarix: 07.05.2024 11:19

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-2024-cü ilin birinci rübü ərzində qadın sahibkarlığın inkişafı ilə bağlı 800-dən çox investisiya layihəsinə 50 milyon manatdan çox güzəştli kredit verilmiş və 1000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb.

“APA-Economics” xəbər verir ki, bunu "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr, Qadınların iqtisadi hüquq va imkanlarının genişləndirilməsi və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda 4-cü DÍM Dialoqunda çıxışı zamanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

“Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qadın sahibkarlığının inkişafının təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirilir. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur. KOBİA-nin dəstək tədbirləri haqqında ətraflı məlumat Agentliyin nümayəndəsi tərəfindən aidiyyəti paneldə təqdim ediləcək.

Bu baxımdan 4-cü DİM Dialoqu 5-ci DİM-ə nail olunmasında, xüsusilə qadınların iqtisadi səlahiyyətlərinin artırılması baxımından qlobal xarakterli və Azərbaycana xas məsələləri müzakirə etmək və bilikləri bölüşmək üçün səmərəli platforma kimi çıxış edəcək və 2030-cu ilədək, Azərbaycanda gender bərabərliyinə və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasına nail olunmasını sürətləndirmək üçün innovativ həllər və siyasət tövsiyələri təklif etməyə istiqamətlənəcəkdir”- nazir müavini əlavə edib.

Xəbər Lenti