- Şənbə, 28 Dekabr, 2024
Tarix: 13.05.2024 12:17
Azərbaycan-Latviya əlaqələrinin fəal inkişafı ticarət dövriyyəsinə müsbət təsir göstərir.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan-Latviya biznes forumunda deyib.
O qeyd edib ki, 2023-cü ildə iki ölkənin ticarət dövriyyəsi 65 milyon ABŞ dolları təşkil edib: "Azərbaycanın Latviyaya ixracı 64% artaraq 45 milyon dollara, idxal isə 20 milyon dollara çatıb. 2024-cü ilin birinci rübündə ticarət dövriyyəsi 6 milyon ABŞ dolları təşkil edib. Eyni zamanda, malların çeşidinin genişləndirilməsi və ticarət dövriyyəsinin, o cümlədən bir sıra rəqabətqabiliyyətli məhsulların qarşılıqlı idxal və ixracının daha da artırılması üçün geniş imkanlar mövcuddur".
Nazir müavini əlavə edib ki, iqtisadi əlaqələrin digər mühüm sahəsi investisiya əməkdaşlığıdır: "Qeyd etmək istərdim ki, 1995-ci ildən 2023-cü ilə qədər Latviyadan Azərbaycana birbaşa investisiyaların həcmi 166 milyon ABŞ dolları, Azərbaycandan Latviyaya isə 166 milyon ABŞ dolları təşkil edib. Bu il fevralın əvvəlinə Azərbaycanda sənaye, nəqliyyat, ticarət və xidmət sahələrində Latviya kapitallı 69 şirkət qeydiyyatdan keçib. Bunlardan 48-i aktivdir. Latviya və Azərbaycan da Avropa İttifaqının ümumi dəyəri 9 milyon avro olan 8 tvinninq layihəsində birgə iştirak edib və bu, bir neçə istiqamətdə tərəfdaşlığa sadiqliyimizi nümayiş etdirir".