Çərşənbə axşamı, 28 İyul, 2026
Tarix: 28 Jul 2026 13:30
Yaponiyanın Küsü adasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində yanğınlar başlayıb, yollar, körpülər və binalar zədələnib, bir sıra ərazilərdə isə elektrik enerjisinin verilişi dayanıb.
APA xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Sanae Takaiçi məlumat verib.
"Hazırda zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir. Bununla belə, artıq yaralılar barədə məlumat var. Bəzi ərazilərdə yanğınlar baş verib, elektrik enerjisi kəsilib, yollar və körpülər zədələnib, binalar dağılıb", – deyə Baş nazir bildirib.
NHK telekanalının məlumatına görə, zəlzələ nəticəsində 50-dən çox nəfər xəsarət alıb. Hazırda hadisə bölgəsində axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.
***13:08
Yaponiyanın cənubundakı Kyuşu adasında yerləşən Kumamoto prefekturasında 7,1 bal gücündə zəlzələ baş verib.
CNN xəbər verir ki, zəlzələ nəticəsində on minlərlə ev elektrik enerjisiz qalıb, dəmir yolu əlaqəsi dayandırılıb, sunami və təkrar yeraltı təkanlarla bağlı xəbərdarlıq edilib.
Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələdən sonra hündürlüyü 1 metrə çata biləcək sunami təhlükəsi elan olunub.
Yaponiya hökuməti Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturaları üçün fövqəladə zəlzələ xəbərdarlığı yayıb.
Kyuşu Elektrik Enerjisi Şirkətinin məlumatına əsasən, təxminən 40 min evdə elektrik enerjisinin verilişi dayanıb. JR Kyushu dəmir yolu şirkəti isə yüksək sürətli "Şinkansen" qatarları da daxil olmaqla bütün qatarların hərəkətini müvəqqəti dayandırıb.
Bölgədə fəaliyyət göstərən "Sony" və dünyanın ən böyük müqaviləli çip istehsalçısı TSMC şirkətlərinin müəssisələri zəlzələnin baş verdiyi ərazidə yerləşir. "Sony" vəziyyəti qiymətləndirdiyini açıqlayıb, TSMC isə hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Yaponiyanın Nüvə Tənzimləmə Qurumu bildirib ki, bölgədəki atom elektrik stansiyalarında hər hansı qeyri-adi vəziyyət qeydə alınmayıb.
Qeyd edək ki, Yaponiya Sakit okeanın "Odlu halqa" seysmik qurşağında yerləşdiyi üçün dünyanın ən çox zəlzələ baş verən ölkələrindən biridir. 10 il əvvəl Kumamoto prefekturasında baş vermiş güclü zəlzələ nəticəsində 275 nəfər ölmüş, 2 739 nəfər yaralanmışdı.
İlqar XudiyevMənbə: apa.az