Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim edib

Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim edib

Tarix: 28 Jul 2026 17:06

Oman Körfəz ölkələrinin dəstəyi ilə hazırlanmış Hörmüz boğazının idarə olunmasına dair yeni planı İrana təqdim edib.

Bu barədə Reuters diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, plan boğazdan istifadə edən gəmilər üçün könüllü ödəniş mexanizminin tətbiqini nəzərdə tutur. Təklifin məqsədi ABŞ-İsrail və İran arasında baş vermiş münaqişədən sonra Hörmüz boğazında yaranmış ticarət məhdudiyyətlərini aradan qaldırmaqdır.

Reuters-in məlumatına görə, İran daha əvvəl Hörmüz boğazını Omanla birgə idarə etmək və buradan keçən gəmilərdən xidmət haqqı almaq niyyətini açıqlamışdı. ABŞ isə gəmilərin ödənişsiz və sərbəst keçidinin bərpa edilməsini istəyir və məcburi ödənişlərin beynəlxalq hüquqa zidd olduğunu bildirir.

Təklifə əsasən, İran boğaza təkbaşına nəzarət etməyəcək, ödənişlər isə yalnız könüllü xarakter daşıyacaq. Mənbələrin bildirdiyinə görə, İran hələlik plana rəsmi cavab verməyib.

Mənbə: apa.az

Xəbər Lenti