Çərşənbə, 29 İyul, 2026
Tarix: 29 Jul 2026 09:41
Fransanın cənub-qərbində yerləşən Jirond (Gironde) bölgəsində meşə yanğınları yenidən güclənib. Hakimiyyət orqanları yaxın günlərdə havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyini bildirərək vəziyyətin daha da ağırlaşacağından narahatdır.
Bu barədə BBC məlumat yayıb.
Jirond prefekti Sofi Brokanın sözlərinə görə, artıq yanğınların təsirinə məruz qalmış 14 ərazidə yenidən alovlanma qeydə alınıb.
Fransa Milli Yanğınsöndürənlər Federasiyasının sözçüsü Erik Brokardi bildirib ki, ölkə üzrə son həftələrdə dörd yanğınsöndürən həlak olub. Hazırda alovun qarşısının alınması üçün təkcə Jirond bölgəsində 2 min yanğınsöndürən cəlb edilib.
Məlumata görə, Fransada yay mövsümünün dördüncü isti hava dalğası çərşənbə günündən etibarən başlayacaq və bölgədə temperaturun 40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Bordo şəhərinin hazırda birbaşa təhlükə altında olmadığı bildirilsə də, yanğınlardan biri şəhərin kənarına 15 kilometrədək yaxınlaşıb. Tüstü səbəbindən şəhərdə havanın keyfiyyəti kəskin pisləşib və sakinlərə zərurət olmadıqca evdən çıxmamaq tövsiyə olunub.
Fransada son günlər meşə yanğınları ilə əlaqədar ümumilikdə 220 mindən çox insan təxliyə edilib. Təkcə Lakano sahilində yerləşən düşərgələrdən əlavə 4 min turistin çıxarılması barədə göstəriş verilib.
Rəsmi məlumatlara əsasən, ölkədə indiyədək təxminən 240 ev yanaraq yararsız vəziyyətə düşüb.
Fransanın daxili işlər naziri Loran Nünez iyulun 6-dan bəri meşə yanğınları ilə əlaqədar 184 nəfərin saxlanıldığını açıqlayıb. Var bölgəsində yanğını qəsdən törətməkdə şübhəli bilinən 23 yaşlı şəxs isə 15 ilədək azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilər.
Qeyd edək ki, oxşar yüksək temperatur və meşə yanğınları İspaniya və Portuqaliyada da müşahidə olunur. İspaniyada son günlər 70 mindən çox insan təxliyə edilib, Portuqaliyada isə Quarda bölgəsində iri yanğının söndürülməsinə 400 yanğınsöndürən cəlb olunub.
Fransa meşə yanğınlarıMənbə: apa.az