Cümə axşamı, 30 İyul, 2026
Tarix: 29 Jul 2026 23:18
İsrail Müdafiə Qüvvələri qarşıya qoyulan məqsədlərə nail olunana qədər Livandakı təhlükəsizlik zonasını tərk etməyəcəyini və zərurət yaranarsa, əməliyyatları daha da genişləndirəcəyini bəyan edib.
APA xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir Livanın cənubunda yerləşən hərbçilərlə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, Livanda yaradılmış təhlükəsizlik zonası terror infrastrukturundan təmizlənir və İsrailin yaşayış məntəqələri üçün uzunmüddətli təhlükəsizlik təmin olunana qədər ordu həmin ərazidə qalacaq. Zamir əlavə edib ki, lazım gələrsə, İsrail ordusu Livanda yeni ərazilərə daxil olacaq.
Baş Qərargah rəisi qeyd edib ki, SAXAL hazırda Livan, Suriya, Qəzza zolağı və İordan çayının qərb sahilində fəaliyyət göstərir. O, həmçinin İrana qarşı əməliyyatlarda mühüm nəticələr əldə olunduğunu və zərurət yaranacağı təqdirdə bu nəticələrin daha da inkişaf etdirilə biləcəyini vurğulayıb.
İsrail Livan
Mənbə: apa.az