- Cümə, 27 Dekabr, 2024
Tarix: 21.05.2024 18:35
Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın diversifikasiyası kursuna uyğun olaraq qeyri-neft-qaz sektorunda müxtəlif istiqamətlər üzrə inkişafyönümlü tədbirlər həyata keçirilir. Bu xüsusda dağ-mədən sənayesini təmsil edən “AzerGold” QSC qeyri-neft-qaz sektorunun ümumi daxili məhsulda çəkisinin artırılması, ölkəmizin ixrac potensialının yüksəldilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
“APA-Economics” xəbər verir ki, bunu İçərişəhərdə "Azərbaycanda Zərgərlik Sənəti və Numizmatika Nümunələri" Muzey Ekspozisiyasının açılış mərasimində “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
O qeyd edib ki, sözügedən sektor üzrə ixracatçı dövlət subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” bugünədək 412 min unsiya qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4 ton) ixracını həyata keçirib:
“Əlavə olaraq, yerli bazarda 15 min unsiya (0.5 ton) qızıl və 100 min unsiya (3.1 ton) gümüş realizə edilib. Bu əməliyyatlar nəticəsində əldə edilən ümumi gəlir 1 milyard 232 milyon manatı ötüb. İqtisadi töhfələrlə yanaşı, milli dağ mədən şirkəti kimi “AzerGold” dəyərlərimizin təbliği, o cümlədən qiymətli metalların yerli pərakəndə satış bazarının inkişafını da daim diqqətdə saxlayır. Cəmiyyət tərəfindən 2019-cu ildən etibarən yerli xammaldan müxtəlif çəki və dizaynlarda qızıl və gümüş məhsullar hazırlanaraq satışa təqdim edilir. Tarix, mədəniyyət, incəsənət və müasirliyimizin incə naxışlarla həkk olunduğu sikkələrin istehsalında ən başlıca məqsəd zəngin milli dəyərlərimizin təbliğidir. İlk kolleksiyalarımızın yaradılması mərhələsində uzun illərdir səmərəli fəaliyyəti, unikal layihələri ilə milli-mədəni irsimizin təbliğinə saysız-hesabsız töhfələr vermiş Heydər Əliyev Fondunun təcrübəsindən və dəyərli məsləhətlərindən faydalanaraq yola çıxdıq. Birinci vitse-prezident Mehriban Əliyevanın misilsiz xidmətləri nəticəsində Fondun 20 illik fəaliyyət dövrü ərzində mədəniyyət və incəsənət sahəsində reallaşdırılan layihələrin əks-sədası ölkə hüdudlarından uzaqlarda eşidilməkdədir”.
Z.İbrahimovun sözlərinə görə, ötən dövr ərzində Cəmiyyət xüsusilə mənəvi dəyərlərimizi ifadə edən fərqli mövzularda 10 qızıl, 3 gümüş kolleksiyası ərsəyə gətirərək ictimaiyyətə təqdim edib:
“Sözügedən kolleksiyalara “Heydər Əliyev Mərkəzi”, “Qarabağ xalçası – Çələbi”, “Qobustan”, “Qarabağ inciləri”, o cümlədən mədəniyyət paytaxtımız Şuşaya, görkəmli ədib Xurşidbanu Natəvana ithafən istehsal edilən sikkələr daxildir. Ötən il isə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə qiymətli məhsullarımız arasında ən unikal çeşid hesab edilən “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkə istehsal edilib. Bu orijinal sikkə nümunəsi bütün həyat və varlığını mənsub olduğu doğma Azərbaycan xalqına həsr etmiş dahi şəxsiyyətə xalqımızın xüsusi hörmət və ehtiramının ifadəsi olaraq hazırlanıb. Limitli sayda zərb edilmiş 999.9 əyara, 1 unsiya çəkiyə malik qızıl sikkə ölkəmizdə və regionumuzda ilk dəfə olaraq müasir numizmatika sahəsində inqilabi yenilik hesab edilən “SMART MİNTİNG” texnologiyası əsasında Avropada ərsəyə gətirilib”.
O bildirib ki, sadalanan pərakəndə satış kolleksiyaları ilə yanaşı, müxtəlif qurum və təşkilatların sifarişləri əsasında ölkəmiz üçün əlamətdar hadisələrlə bağlı xüsusi sikkələr də istehsal edilib və bu kimi müraciətlər tərəfimizdən hər zaman dəyərləndirilməkdədir:
““Bakı-2019” 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı üçün xüsusi gümüş sikkə, Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Ağqoyunlu dövlətinin hökmdarı, Uzun Həsənin anadan olmasının 600 illiyi münasibətilə qızıl sikkə, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA-nn 25 illiyi münasibətilə gümüş sikkəni nümunə olaraq göstərmək olar. Pərakəndə satış üzrə layihənin əsas məqsədi milli-mədəni irsimizin təbliği olsa da, məhsullarımız eyni zamanda sərfəli yatırım aləti kimi də böyük marağa səbəb olub. Yerli qızıl və gümüşdən hazırlanan sikkə və külçələrin pərakəndə bazarda özünü kifayət qədər doğrultması Səhmdar Cəmiyyət üçün zamanla əlavə gəlir mənbəyi formalaşdırdı və 2021-ci ildə ilk Satış və mübadilə mərkəzinin yaradılmasına zəmin yaratdı. İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə milli zərgərlik bazarının inkişafı istiqamətində həyata keçirilən islahatlara əlavə dəstək məqsədilə yaradılan bu Mərkəzdə məhsulların satışı, qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi təmin edilir, beləcə yerli bazarın tələbatının keyfiyyətli şəkildə ödənilməsi istiqamətindəki fəaliyyətimizə mühüm töhfə verilir”.
Zakir İbrahimov cəmiyyətin innovativ yanaşma, çağdaş texnologiyaların tətbiqi ilə cari ilin əvvəllərində 3 yeni dizaynda yeni qızıl sikkənin istehsalına nail olduğunu vurğulayıb:
“Bu məhsullar məhz 2024-cü ilin əlamətdar hadisələri – Heydər Əliyev Fondunun 20 illiyi və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə hazırlanıb. Bu gün təqdimatına toplaşdığımız “İçərişəhər” sikkəsinə gəlincə isə, bu, “AzerGold” QSC-nin 2019-cu ildən bu günə qədər ictimaiyyətə təqdim etdiyi sayca 11-ci qızıl sikkə kolleksiyasıdır. Sikkələr üzərində İçərişəhərin memarlıq ansamblına daxil olan tarix və mədəniyyət abidələri dizayn edilib. Kolleksiyada Bakımızın ən qədim hissəsinin qızıl üzərində həkk olunması paytaxtımızın tarixi simasının numizmatika sahəsi üzrə təbliğinə bir töhfədir. Qızıl sikkə ən yüksək əyarda hazırlanıb və 5,10, 20 qram çəkilərdədir. “Xəzinə” Muzey Ekspozisiyasında “AzerGold” üçün ayrılmış xüsusi guşədə sözügedən nümunələr, eyni zamanda digər məhsullarımız sərgilənir”.