Cümə axşamı, 29 Oktyabr, 2026
Tarix: 29 Oct 2026 12:27
Bu ilin doqquz ayında Azərbaycanda kartdan-karta (“card-to-card”) köçürmələrin həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əməliyyatların böyük həcmi və bu köçürmələrdən qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar “card-to-card” əməliyyatlarına limitlər tətbiq ediblər.
AMB sədri qeyd edib ki, aylıq 20 min manatlıq və gündəlik beş mədaxil üzrə limitlərlə bağlı əlavə ehtiyacı olan müştərilər banka müraciət edərək əməliyyatlarının mahiyyətini izah edə bilərlər. Əsaslandırılmış müraciət əsasında limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın əldə edilməsinə də aiddir.
Taleh Kazımov bildirib ki, bu tələblərin məqsədi qanuni əməliyyatlara mane olmaq deyil, vergidən yayınma və digər qanunsuz fəaliyyət risklərinin qarşısını almaqdır.
Onun sözlərinə görə, bəzi şəxslərin yaşlı insanların və pensiyaçıların adına ödəniş müqabilində kartlar açdıraraq onlardan qanunsuz fəaliyyətlərdə istifadə etməsi halları müşahidə olunur. Bir şəxsin eyni kart məhsulu üzrə bir neçə kart əldə edərək əməliyyat dövriyyəsini onların arasında bölüşdürməsi hallarına da rast gəlinir.
AMB sədri limitlərin tətbiqindən sonra əməliyyatların bank sistemindən nağd dövriyyəyə keçməsi barədə narahatlıqlara da münasibət bildirib. O, müşahidələrin belə bir keçidi təsdiqləmədiyini, sentyabrda nağdlaşmanın həcminin avqustla müqayisədə azaldığını qeyd edib.
Rahim Tarıverdiyev Taleh Kazımov AMB card-to-cardMənbə: apa.az