Mərakeşdən İspaniyaya son 24 saatda 49 minə yaxın miqrant keçib, 24 nəfər ölüb

Mərakeşdən İspaniyaya son 24 saatda 49 minə yaxın miqrant keçib, 24 nəfər ölüb

Tarix: 31 Jul 2026 15:25

İspaniyanın Şimali Afrikadakı Seuta anklavına son 24 saat ərzində Mərakeşdən quru və dəniz yolu ilə təxminən 49 min miqrant daxil olub.

APA xəbər verir ki, bu barədə İspaniya rəsmiləri məlumat yayıb.

Məlumata görə, son günlər Seutaya keçməyə cəhd edən 24 nəfər ölüb.

İspaniyanın Baş naziri Pedro Sançes baş verənləri ölkənin ərazi bütövlüyünə qarşı "hücum" və "pozuntu" kimi qiymətləndirib. O bildirib ki, hökumət qanunsuz miqrantların mümkün qədər qısa müddətdə Mərakeşə qaytarılması istiqamətində iş aparır.

Qeyd edək ki, bu ay İspaniya Ali Məhkəməsi Seuta və Melilyaya dəniz yolu ilə keçməyə cəhd edən miqrantların fərdi prosedur aparılmadan dərhal Mərakeşə geri qaytarılmasının qanunsuz olduğuna dair qərar qəbul edib.

Rəsmi məlumatlara görə, son 24 saat ərzində Seutaya daxil olan miqrantların təxminən 7 mini azyaşlıdır.

Miqrant axınının artması fonunda İspaniya hökuməti Seuta və Melilyada təhlükəsizlik tədbirlərini gücləndirmək üçün hərbi qüvvələr yerləşdirib.

Pedro Sançes bildirib ki, Mərakeş hakimiyyəti qanunsuz miqrantların geri qaytarılması prosesində İspaniya ilə əməkdaşlıq edir. O, həmçinin Seutadakı vəziyyətlə yerində tanış olmaq üçün bölgəyə səfər edəcəyini açıqlayıb.

İtaliyanın Baş naziri Corcia Meloni Seutadakı görüntüləri "şokedici" adlandıraraq, nəzarətsiz miqrasiyanın Avropanın təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib. O, İspaniya ilə bağlı Şengen mexanizminin məhdudlaşdırılması imkanının nəzərdən keçiriləcəyini desə də, sonradan İtaliya Xarici İşlər Nazirliyi bunun İspaniyanın Şengen zonasından çıxarılması deyil, iki ölkə arasında tətbiq olunan qaydaların nəzərdən keçirilməsi ilə bağlı olduğunu açıqlayıb.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares isə İtaliya rəsmilərinin bəyanatlarını tənqid edərək, bu cür açıqlamaların Avropa həmrəyliyinə uyğun olmadığını bildirib. Bununla bağlı İtaliyanın Madriddəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Seuta və Melilya Avropa İttifaqının Afrika qitəsində yerləşən yeganə quru sərhədi hesab olunur və uzun illərdir Avropaya qeyri-qanuni miqrasiya marşrutlarının əsas nöqtələrindən biridir. Sonuncu böyük miqrant axını 2021-ci ildə qeydə alınmış, həmin vaxt təxminən 8 min nəfər Seutaya daxil olmuşdu. Bu dəfəki göstərici isə həmin hadisəni dəfələrlə üstələyir.

Mərakeş İspaniya Seuta miqrant

Mənbə: apa.az

Xəbər Lenti