Rəsmi Tbilisi Aİ-ni Gürcüstanla bağlı yanlış mövqe tutmaqda ittiham edib

Rəsmi Tbilisi Aİ-ni Gürcüstanla bağlı yanlış mövqe tutmaqda ittiham edib

Tarix: 31 Jul 2026 18:47

“Avropa İttifaqı bağlantılar mövzusunda müzakirələr zamanı Gürcüstanı siyasi dialoq formatlarından kənarda qoymaqla çox böyük səhv edir”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili “İmedi” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu mövqe Aİ-nin özü üçün də zərərlidir, belə ki, bağlantılar məsələsi hər iki tərəfin maraqlarına uyğundur.

XİN rəhbəri qeyd edib ki, Gürcüstan hakimiyyəti ölkənin coğrafi mövqeyinin sayəsində malik olduğu potensialdan maksimum dərəcədə yararlanmaq istiqamətində çalışmağa davam edəcək.

Nazir əlavə edib ki, siyasi dialoq həm Aİ, həm də Gürcüstan üçün zəruridir. “Avropa İttifaqı Gürcüstanla intensiv siyasi dialoq aparmaqda maraqlı olmalıdır. Dialoq üçün resurs həmişə mövcuddur, əsas istəyin olmasıdır. Avropa İttifaqı siyasi qərar qəbul etməli, Avropanın ehtiyaclarından asılı olaraq yanaşmasını daima dəyişməlidir”.

Cəmilə Babayeva

Mənbə: apa.az

Xəbər Lenti