Bazar, 2 Avqust, 2026
Tarix: 02 Aug 2026 01:30
İran region ölkələri ilə heç bir ədavət aparmadığını və Fars körfəzi hövzəsindəki bütün dövlətlərlə qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipləri əsasında dostluq münasibətlərinin tərəfdarı olduğunu bəyan edib.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Tehran İsrailin iştirakı və bəzi region ölkələrinin dəstəyilə ABŞ tərəfindən həyata keçirilən hücumları qınayır və ölkənin milli hüquqları ilə təhlükəsizliyini qorumaq əzmini bir daha vurğulayır.
İran XİN BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə istinad edərək bildirib ki, ABŞ hərbi bazalarına endirilən zərbələr həmin ölkələrə qarşı hücum kimi qiymətləndirilə bilməz.
Bəyanatda həmçinin vurğulanıb ki, İran Ali Rəhbər Müctəba Xameneinin rəhbərliyi altında ABŞ-İsrail koalisiyasının hücumları qarşısında milli ləyaqətini və müstəqilliyini müdafiə etməyə davam edəcək.
İran XİN Hörmüz boğazında gəmilərə endirilən zərbələrin İrana qarşı hərbi əməliyyatlara bəhanə kimi istifadə edildiyini iddia edib. Bildirilib ki, Anlaşma Memorandumunun 5-ci bəndinin tələbləri və Hörmüz boğazının cənubunda müəyyən edilmiş məcburi marşrutun təhlükəli olması əvvəlcədən məlum olduğu halda, üç gəminin həmin marşrutla hərəkətinə cəhd göstərilib.
İran ABŞ İsrail Hörmüz boğazı
Mənbə: apa.az