Bazar, 2 Avqust, 2026
Tarix: 02 Aug 2026 17:32
Çinlə Rusiyanı birləşdirəcək ilk transsərhəd kanat yolunun əsas konstruksiyasının tikintisi başa çatıb.
"Xinhua" xəbər verir ki, Çinin şimal-şərqindəki Heyluncan əyalətinin Heyhe şəhəri ilə Rusiyanın Blaqoveşensk şəhərini Heyluncan (Amur) çayı üzərindən birləşdirəcək sərnişin kanat yolunun tikintisinə 2019-cu ilin iyulunda başlanılıb.
Çin (Heyluncan) Pilot Azad Ticarət Zonasının Heyhe hissəsinin idarəetmə komitəsinin sədr müavini Can Çicü deyib ki, layihənin tam şəkildə bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Layihənin Çin hissəsinin podratçısı olan Heyhedə yerləşən “Jinlonggang Construction and Development Co., Ltd.” şirkətinin rəhbəri Cao Sinxun bildirib ki, kanat yolu istifadəyə verildikdən sonra iki sərhəd şəhəri arasında çayı keçmək üçün tələb olunan vaxt cəmi 6–8 dəqiqə olacaq. Onun sözlərinə görə, kanat yolunun çay üzərində üfüqi uzunluğu 970 metr təşkil edir. Sistem hər biri 110 sərnişin tutumuna malik iki kabinə ilə təchiz olunub.
Kanat yolunun maksimal hərəkət sürəti saniyədə 12 metr olacaq. Layihəyə əsasən, illik bir istiqamətdə sərnişin daşıma qabiliyyəti 2,6 milyon nəfər təşkil edəcək.
Can Çicü qeyd edib ki, Heyhe və Blaqoveşensk Heyluncan çayının iki sahilində yerləşən sərhəd şəhərləri kimi uzun illərdir sıx iqtisadi, ticarət və mədəni əlaqələr saxlayırlar.
Heyhe–Blaqoveşensk avtomobil körpüsü 2022-ci ildə istifadəyə verilib və Çinlə Rusiyanı birləşdirən ilk avtomobil körpüsü olub. Onun sözlərinə görə, kanat yolu istifadəyə verildikdən sonra Heyhedə avtomobil körpüsü, bərə xətti və kanat yolundan ibarət kompleks transsərhəd nəqliyyat şəbəkəsi formalaşacaq.
Bu ilin ilk altı ayında Heyhe sərhəd-keçid məntəqəsindən giriş-çıxış edən sərnişinlərin sayı 568 mini ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60 faizdən çox artım deməkdir.
Çin Rusiya kanat yolu kanat
Mənbə: apa.az