Çərşənbə axşamı, 25 Avqust, 2026
Tarix: 25 Aug 2026 18:22
Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” iyul ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.
"APA-Economics" İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə istinadən xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,52 Mb/s, mobil internetin median sürəti isə 99,53 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,43 Mb/s (11,35 %), mobil internetin sürəti isə 24,96 Mb/s (33,47 %) artıb.
İnkişaf etmiş şəhərlərin müqayisəsinə gəlincə isə iyulda Bakı şəhərində sabit genişzolaqlı internetin median sürəti 92,65 Mb/s, mobil internetin median sürəti isə 121,54 Mb/s olub.
İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 9,28 Mb/s (11,13 %), mobil internetin sürəti isə 29,36 Mb/s (31,85 %) artıb.
Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.
internet sürəti mobil internetMənbə: apa.az