ARMAC icraçı direktoru: Mina fəaliyyətində institusional əlaqələrin davam etdirilməsi vacibdir

ARMAC icraçı direktoru: Mina fəaliyyətində institusional əlaqələrin davam etdirilməsi vacibdir

Tarix: 02 Sep 2026 13:46

Mina fəaliyyəti yalnız texniki əməkdaşlıq deyil, həm də etimadın qurulması üçün platformadır.

APA xəbər verir ki, bunu ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) icraçı direktoru Rotna But “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında keçirilən panel sessiyadakı çıxışında deyib.

ARMAC rəhbərinin sözlərinə görə, regional əməkdaşlığın üç əsas üstünlüyü var: öyrənmək, əlaqələndirmə və davamlılıq.

“Bir ölkə konkret problemin həlli istiqamətində uzun illər təcrübə toplayıbsa, digər ölkə həmin məsələdə sıfırdan başlamamalıdır”, – deyə Ronna But qeyd edib.

O, regional əməkdaşlığın vahid modelin bütün ölkələrə tətbiq edilməsini nəzərdə tutmadığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd ölkələrin uğurlu təcrübələrini bölüşməsi, uğursuz yanaşmaları açıq şəkildə müzakirə etməsi və əldə olunan nəticələri milli şəraitə uyğunlaşdırmasıdır.

Ronna But qeyd edib ki, yalnız bilik mübadiləsi kifayət deyil. Ölkələrin düzgün ekspertiza, texnologiya, qurum və tərəfdaşlarla əlaqələndirilməsi də vacibdir.

ARMAC rəhbəri əməkdaşlığın həmkarlararası təcrübə mübadiləsi, texniki mübadilə, tədris səfərləri, tədqiqat, texnologiya transferi və regional təlimatlar kimi müxtəlif formalarda həyata keçirilə biləcəyini deyib.

Ronna But mina fəaliyyətinin uzunmüddətli proses olduğunu və ayrı-ayrı layihə, seminar və konfranslardan sonra da institusional əlaqələrin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, mina fəaliyyəti ölkələr arasında dialoq və etimadın gücləndirilməsi üçün də praktiki platforma yarada bilər.

“Texniki əməkdaşlıq münasibətlər yaradır, münasibətlər etimad yaradır, etimad isə daha dərin əməkdaşlığa gətirib çıxarır”, – ARMAC rəhbəri bildirib.

O əlavə edib ki, AMAC və ANAMA arasında bir qədər əvvəl imzalanmış Anlaşma Memorandumu əməkdaşlıq üçün çərçivə yaradır.

“Əsas məsələ sənədin özünün deyil, onun real nəticələrinin nə olacağıdır. Biz bu sənədin dəyərini onun praktiki nəticələri ilə ölçməliyik”, – Rotna But vurğulayıb.

Toğrul Quluzadə #ARMAC #ANAMA #Mina fəaliyyəti

Mənbə: apa.az

Xəbər Lenti