"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər

"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər

Tarix: 11 Sep 2026 10:55

Yaxın Şərqdə davam edən geosiyasi gərginlik və Hörmüz boğazında gəmiçiliklə bağlı risklər neft ixrac edən Azərbaycan və Qazaxıstan üçün əlavə gəlir imkanları yarada bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.

Agentliyin qiymətləndirməsinə görə, region ölkələri üçün əsas təsir kanallarından biri enerji qiymətləridir. Neft qiymətlərinin yüksəlməsi Azərbaycan və Qazaxıstan kimi enerji ixracatçılarının ixrac gəlirlərini artırır, dövlət maliyyəsini gücləndirir və iqtisadi inkişaf proqramlarını dəstəkləyir.

“Moody’s” bildirir ki, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin gəlirlərinin və likvidliyinin artması da iqtisadi fəallığa müsbət təsir göstərir.

Bununla yanaşı, agentlik qeyd edir ki, Hörmüz boğazında gəmiçiliklə bağlı risklər alternativ enerji və ticarət marşrutlarının əhəmiyyətini artırır. Bu baxımdan Xəzər regionu və Cənubi Qafqaz üzərindən keçən Orta Dəhliz daha çox aktuallıq qazanır.

Hesabatda qeyd olunur ki, Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu qlobal ticarət axınlarının yenidən istiqamətlənməsindən faydalanır.

“Moody’s” hesab edir ki, Orta Dəhlizin genişləndirilməsi Azərbaycan və Qazaxıstanın tranzit və logistika imkanlarını artırmaqla yanaşı, regionda dəmir yolu və nəqliyyat operatorları üçün yeni inkişaf perspektivləri yaradır.

Agentlik bununla yanaşı, dəhlizin tam potensialının reallaşdırılması üçün böyük investisiyalara ehtiyac olduğunu vurğulayır. Xəzər dənizində keçid imkanları, infrastruktur məhdudiyyətləri, layihələrin icrası və borc yükünün artması əsas risklər sırasındadır.

“Moody’s” həmçinin bildirir ki, Mərkəzi Asiya və Qafqaz ölkələri geosiyasi proseslərdən əsasən inflyasiya kanalı ilə dolayı təsirlənə bilər. Enerji və digər əmtəələrin bahalaşması pul siyasətinin yumşaldılmasını gecikdirə, faiz dərəcələrinin və borclanma xərclərinin yüksək qalmasına səbəb ola bilər.

Rahim Tarıverdiyev Moody’s Hörmüz boğazı Azərbaycan Qazaxıstan ixrac gəlirləri neft

Mənbə: apa.az

Xəbər Lenti