Çərşənbə, 16 Sentyabr, 2026
Tarix: 16 Sep 2026 12:39
Orta Dəhliz yalnız A nöqtəsindən B nöqtəsinə yük daşıyan infrastruktur olmamalıdır.
APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Macarıstandakı Nümayəndəliyinin rəhbəri Balazs Hendrich İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və TDT-nin birgə təşkil etdiyi Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.
O bildirib ki, Orta Dəhliz yol boyunca iqtisadiyyatları və iqtisadi fəaliyyət sahələrini özündə birləşdirən bir mərkəz rolunu da oynamalıdır.
Hendricin sözlərinə görə, bu məqsədə nail olmaq üçün TDT-yə üzv dövlətlərin gömrük və tranzit prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılmasına xüsusi diqqət yetirilir: “Burada əsas məqsədlər sərhədkeçmənin asanlaşdırılması, regionlararası bağlantının təmin edilməsi, eləcə də yaxşı inkişaf etmiş və bir-biri ilə əlaqələndirilmiş fiziki və rəqəmsal nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsidir”.
O vurğulayıb ki, müxtəlif ölkələrdə prosedurların, sənədləşmə tələblərinin, sərhəd nəzarətinin, tranzit rüsumlarının və digər ödənişlərin fərqli olması daşımaların müddətini uzadır və biznesin Orta Dəhlizdən istifadəsini çətinləşdirir.
Balazs Hendrich qeyd edib ki, bu cür maneələrin aradan qaldırılması TDT çərçivəsində əsas istiqamətlərdən biridir və təşkilatın koordinasiyası ilə bir sıra milli qurumlar bu istiqamətdə fəaliyyət göstərir.
TDT rəsmisinin sözlərinə görə, təşkilat gömrük prosedurlarının sadələşdirilməsi və uyğunlaşdırılması vasitəsilə səmərəliliyin artırılmasına və maneələrin azaldılmasına çalışır: “Bu baxımdan, mallara səmərəli nəzarətin təmin edilməsi, daşınma müddətinin və sənədləşmə tələblərinin azaldılması məqsədilə TDT-nin Sadələşdirilmiş Gömrük Dəhlizi yaradılıb”. O əlavə edib ki, bu proses rəqəmsallaşmanı da sürətləndirəcək. Belə ki, rəqəmsallaşma TDT-nin əsas təşəbbüslərindən biridir və elektron ticarətin inkişafına, təchizat zəncirlərinin şaxələndirilməsinə və Orta Dəhlizin qlobal potensialından daha səmərəli istifadəyə imkan verə bilər.
Toğrul Quluzadə Orta Dəhliz TDTMənbə: apa.az