Çərşənbə, 23 Sentyabr, 2026
Tarix: 23 Sep 2026 03:59
Avstraliyanın müdafiə naziri Riçard Marls ölkəsindən ABŞ-a göndərilən F-35 qırıcılarına aid bəzi hissələrin səhvən Honq-Konqa yönləndirildiyini təsdiqləyib.
APA xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Marls bildirib ki, Avstraliya ABŞ və F-35 proqramının əsas podratçısı “Lockheed Martin”lə birlikdə hadisəni araşdırır. Onun sözlərinə görə, ilkin məlumata əsasən, itkin düşən hissələr texnoloji baxımdan “həssas” avadanlıq və ya komponentlər deyil.
Məlumata görə, F-35 hissələrindən ibarət yük bu ilin əvvəlində Avstraliyadan ABŞ-a təmir məqsədilə göndərilib, lakin gözlənilmədən Honq-Konqa çatıb.
“Politico”nun məlumatına əsasən, yükün tərkibində radar şüalarını əks etdirməyən texnologiyaya malik təyyarə kabin örtüyü də olub.
Qeyd edək ki, Avstraliyanın 72 F-35 qırıcısı var və ölkə F-35 proqramı çərçivəsində ehtiyat hissələrinin ümumi hovuzunu paylaşan ölkələrdən biridir.
Hadisənin necə baş verdiyi və hissələrin Honq-Konqa hansı mərhələdə yönləndirildiyi hazırda araşdırılır.
Avstraliya Honq-Konq F-35
Mənbə: apa.az