Ekspert: Bu gün təhsil sistemi inkişaf etmiş ölkələrdə vahid məktəbli geyimindən istifadə olunur

Ekspert: Bu gün təhsil sistemi inkişaf etmiş ölkələrdə vahid məktəbli geyimindən istifadə olunur

Tarix: 14 Oct 2026 17:26

Vahid məktəbli geyimi ilə bağlı qərarlar manipulyasiya olunaraq arzuolunmaz kontekstdə müzakirəyə çıxarılıb.

Bu sözləri APA-ya açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Ekspert şagirdlərin və müəllimlərin vahid geyim forması ilə bağlı dəyişikliklərdən danışıb. O bildirib ki, Nazirlər Kabinetinin bir müddət əvvəl şagirdlərin vahid məktəbli geyimi ilə bağlı dəyişiklikləri, həmçinin bir neçə gün sonra müəllimlərin geyim standartları ilə bağlı qərarı təsdiqləməsi təhsil və tədris prosesi baxımından uğurlu addımdır.

“Burada təkcə təhsil və tədris prinsipləri deyil, həmçinin dövlətçilik, milli dəyərlər, milli yaddaşın tələb etdiyi və hər zaman kimliyimizi xatırladan göstəricilər də öz əksini tapır. Çox təəssüf ki, vahid məktəbli geyimi ilə bağlı qərarlar, onların təsdiqi manipulyasiya olunaraq arzuolunmaz kontekstdə müzakirəyə çıxarıldı. Az qala hamı tərəfindən müzakirə predmetinə çevrildi. Halbuki burada məsələ məktəbdə tədris prinsiplərinin, nizam-intizam qaydalarının qorunmasına, eləcə də şagirdlər arasında bərabərliyin təmin olunmasına dəstək kimi qiymətləndirilməlidir. Mahiyyət də əslində bundan ibarətdir. Bu gün təhsil sistemi inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə vahid məktəbli geyimindən istifadə olunur. Bir çox ölkələrdə müəllimlər üçün də vahid geyim standartları hazırlanır. Bunların pedaqoji və psixoloji əsasları var. Heç nə səbəbsiz edilmir və təsadüfi şəkildə müəyyənləşdirilmir”.

Elmin Nuri qeyd edib ki, vahid məktəbli geyimi şagirdə aid olduğu məktəbin bərabərhüquqlu üzvü olması barədə mesaj verir:

“Bu məsələ sizin, mənim və digərlərinin baxışında o qədər də əhəmiyyətli görünməyə bilər. Çünki biz məktəbi uzun illər əvvəl bitirmişik. Amma məsələyə şagirdin prizmasından baxanda tamamilə başqa mənzərə ortaya çıxır. Bu gün məktəb şagird üçün əsas bilik mənbəyi və mərkəz kimi çıxış edə bilirsə, bunda vahid məktəbli formasının da rolu var. Bu yanaşmanın nə dərəcədə uğurlu tendensiya olduğunu 3-5, bəlkə də 10 il sonra görəcəyik. Bu məsələdə manipulyativ istiqamətlərə yönəlmək düzgün deyil. Çünki cəmiyyətimizdə multikultural dəyərlər və inanclar sistemi hər zaman yüksək qiymətləndirilib".

Mənbə: apa.az

Xəbər Lenti