Prezidentin adından heç bir reallığı əks etdirməyən saxta məlumatlar yayılır - BİRGƏ MƏLUMAT

Tarix: 11.07.2024 18:20

Bir sıra saxta sosial şəbəkə hesablarda edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından guya vətəndaşların ölkənin bank sektoruna investisiya qoymağa təşviq edən videomüraciət yayılıb. Bildiririk ki, qeyd olunan videomüraciət “deep-fake” texnologiyası ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

"APA-Economics" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin yayımladığı birgə məlumatda bildirilib.

Birgə məlumatda cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladılıb ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır:

“Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatəsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik. “Deep-fake” texnologiyalarından istifadə edərək hazırlanmış qeyd olunan saxta və yalan videomüraciət, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”.

Xəbər Lenti