Cümə, 30 Oktyabr, 2026
Tarix: 30 Oct 2026 09:30
Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə 3 nəfərin namizədliyi irəli sürülüb.
APA xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" layihədə əksini tapıb.
Ombudsman vəzifəsinə namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyevadır.
Səbinə Yaşar qızı Əliyeva 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən Ombudsman seçilib.
Ceyhun Yasinali oğlu Qaracayev 2010-2025-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi olub.
2016-cı ildən CPT-nin (İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin) müstəqil ekspertidir (mandatı 2028-ci ilədəkdir).
Elşanə Rafiq qızı Vəliyeva Ali Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvüdür.
Qeyd edək ki, "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə seçilir. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Firuzə Vahid ombudsman namizədlərMənbə: apa.az