- Şənbə, 28 Dekabr, 2024
Tarix: 13.07.2024 12:06
İyulun 12-də İran-Ermənistan sərhədində yük avtomobilinin əslən azərbaycanlı olan sürücüsü, İran vətəndaşı Amid Quluzadə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.
APA xəbər verir ki, bu barədə məlumat Teleqram kanallarında yayılıb. İnsident milli zəmində baş verib.
Belə ki, İran-Ermənistan sərhədinin "Nurduz" sərhəd-keçid məntəqəsində Ermənistan sərhədçiləri məntəqədən yalnız erməni əsilli sürücülərin keçidinə icazə verib. Bu isə ərazidə növbə gözləyən azərbaycanlı sürücülərin narazılığı ilə nəticələnib.
Mübahisə əlbəyaxa davaya çevrilib ki, bu zaman erməni sərhədçilər Amid Quluzadəyə ağır bədən xəsarətləri yetiriblər.
Hadisə yerinə təcili yardım çağırılsa da, həkimlər əraziyə bir neçə saatdan sonra gəliblər.
Bu səbəbdən azərbaycanlı sürücü dünyasını dəyişib.
Hələlik baş verən hadisə barədə rəsmi açıqlama verilməyib.
Baş verən insident isə bir daha göstərir ki, Azərbaycan Zəngəzur dəhlizi məsələsində Ermənistan tərəfinə güvənməməkdə nə qədər haqlıdır. Ermənistan tərəfi son hadisə ilə nə qədər etibarsız tərəf olduğunu bir daha ortaya qoydu. İran vətəndaşı olan sürücü məhz milli mənsubiyyətinə - azərbaycanlı olduğuna görə Ermənistan sərhədçiləri tərəfindən qətlə yetirilib.
Son hadisə bir həqiqəti gün üzünə çıxarır ki, Zəngəzur dəhlizində ayrıca üçüncü tərəfin təmin etdiyi təhlükəsizlik qaydaları və mexanizmi tətbiq olunmalıdır.
Bu mexanizmin tətbiqi zamanı təhlükəsizliyin təmin edilməsi ilə məşğul olacaq tərəf hər iki ölkənin analoji insidentlərin təkrarlanmaması üçün görməli olduğu tədbirləri müəyyənləşdirib, onların icrasını, sərhəddə vəziyyətin tam və hərtərəfli monitorinqini təmin etməlidir.
Əks halda uzunmüddətli münaqişədə məğlub olan Ermənistan tərəfinin özünün revanşizm ideyalarını istənilən dövlət üçün ən həssas məsələ sayılan sərhəd təhlükəsizliyinin pozulması kontekstində tətbiq edəcəyi istisna deyil.
Sərhəd istənilən ölkənin əsas təhlükəsizlik qapısı, həmin ölkədə sabitliyin bir nömrəli elementidir. Bu elementə veriləcək istənilən səviyyədə zərərdən həm ölkənin özü, həm də qonşu dövlətlər zərər çəkəcək. Məhz bu səbəbdən regionun sabitliyi Zəngəzur dəhlizi boyunca təhlükəsizliyin təminatının üçüncü tərəfə həvalə edilməsi aktuallıq qazanır.
Ermənistan tərəfinin bu amilin reallaşmasına mane olmaq üçün silsilə addımlar atacağı istisna deyil. Bu addımların qarşısı ilə tutarlı arqument olan regional təhlükəsizlik məsələsinin ön plana çəkilməsi ilə alınmalıdır.
Belə olarsa, rəsmi İrəvanın gələcəkdə törətmək niyyətində olacağı istənilən təhdidlərin önünə keçiləcək, hər cür bədxah niyyət necə deyərlər, elə beşikdəcə boğulacaq.